Accessibility links

Bayden: Antisemitizm və ekstremizmin artmasına qarşı çıxacağıq


ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris Texas ştatında sinaqoqa hücumla bağlı bəyanat yayıblar.

Prezident Bayden hüquq-mühafizə orqanlarının Texas ştatının Kollivil şəhərində sinaqoqda silahlı şəxs tərəfindən girov götrülən şəxslərin azad edilməsi işində səylərini yüksək qiymətləndirib.

“Ştat, yerli və federal hüquq-mühafizə orqanlarının cəsarətli işi sayəsində Texas sinaqoqunda girov saxlanılan dörd amerikalı tezliklə ailələri ilə birlikdə evlərinə qayıdacaqlar”, ABŞ prezidenti şənbə günü açıqladığı bəyanatda bildirib.

“Girovların azad edilməsi üçün birgə və cəsarətlə fəaliyyət göstərən bütün səviyyələrdə hüquq-mühafizə orqanlarına yorulmadan işlədiklərinə görə təşəkkür edirəm”, Bayden qeyd edib.

“Biz Kolvildəki Bet İsrail icmasının üzvlərinə və yəhudi icmasına sevgi dolu və güclü olmaq arzularımızı diləyirik”, ABŞ prezidenti əlavə edib.

“Yaxın günlərdə girov götürənin motivləri ilə bağlı daha çox məlumat əldə edəcəyik. Ancaq nifrət yaymaq niyyətində olan hər kəsə açıq deyirəm: biz ölkəmizdə antisemitizmə və ekstremizmin artmasına qarşı çıxacağıq” - deyə, Bayden bildirib.

ABŞ-ın vitse-prezidenti Kamala Harris də bazar günü bəyanat yayaraq, hüquq-mühafizə orqanlarına təşəkkür edib və sinaqoq icması ilə həmrəy olduğunu bildirib.

”Girov götürənin motivləri haqqında hələ öyrənməli olsaq da, biz bilirik ki, dünən Bet-İsraildə baş verənlər antisemitizm və mövcud olduğu yerdə nifrətlə mübarizə aparmalı olduğumuzu xatırladır”, Harris bəyanatında bildirib.

Federal Təhqiqatlar Bürosunun girovları xilasetmə qrupu Texas ştatının Kollivil şəhərinin sinaqoquda dini mərasimi pozan və polislə qarşıdurma yaradan silahlı şəxs tərəfindən girov götürülən qalan üç nəfəri şənbə günü gecə əməliyyat zamanı azad edib.

Kollivil şəhər polis idarəsinin rəisi Maykl Miller mətbuat konfransı zamanı bütün girovların sağ-salamat azad edildiyini və silahlı şəxsin öldüyünü bildirib.

XS
SM
MD
LG