ABŞ Prezidenti Co Bayden Böyük Yeddilərin (G-7) liderlərinin sammiti üçün cümə axşamı Yaponiyaya gedib. Sammitdə diqqətin Çinin iqtisadi praktikası və Ukraynaya Rusiyanın işğalına qarşı mübarizəsinə dəstəyə yönələcəyi gözlənilir.
Bayden Yaponiyaya çatdıqdan sonra İvakuni Dəniz Piyadaları Hava Bazasında təxminən 400 ABŞ və Yaponiya əsgəri tərəfindən qarşılanıb.
O, daha sonra Böyük Yeddilərin danışıqlarının keçiriləcəyi Hiroşimada Yaponiya Baş naziri Fumio Kişida ilə görüşüb.
Bayden Kişidaya deyib ki, Bİrləşmiş Ştatlar və Yaponiya “ortaq dəyərləri,” o cümlədən Ukraynanı dətəkləmək və Rusiyanın aqressiya müharibəsinə görə cavabdeh tutmağı “dəstəkləyir.” Bayden, həmçinin nüvə silahının yayılmasının qarşısının alınması və “Hind-Sakit okeanın azad və açıq olmasını təmin etmək” öhdəliyini vurğulayıb.
“Cənab Baş nazir, nəticədə bizim ölkələrimiz birlikdə olanda, biz daha güclü oluruq və mən inanıram ki, bütün dünya da daha təhlükəsiz olur,” Bayden deyib.
Böyük Yeddilər sammitində Kanada, Fransa, Almaniya, İtaliya, Birləşmiş Krallıq və Avropa İttifaqından liderlər iştirak edəcək.
Kişida, həmçinin Qlobal Cənubla ələqə qurmaq səylərinin bir hissəsi kimi sammitdə iştirak etmək üçün G-7-yə üzv olmayan bir qrup ölkə liderlərini dəvət edib. Həmin ölkələrə Avstraliya, Braziliya, Komor adaları, Kuk adaları, Hindistan, İndoneziya, Cənubi Koreya, Ukrayna və Vyetnam daxildir.
Liderlərin Çinin ticarət və sərmayə məhdudiyyətlərini, habelə boykot və sanksiyaları müzakirə edəcəyi gözlənilir. G-7-nin görəcəyi mümkün tədbirlər arasında ixraca nəzarət və həmin ölkələrin Çində investisiyalarına məhdudiyyətlər də var.