ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı federal agentliklərə doqquz ay əvvəl imzaladığı silah alıcıları üçün yoxlamaları genişləndirən və potensial təhlükəli şəxslərin odlu silahlarının müvəqqəti müsadirə edilməsinə imkan verən qaydaları sərtləşdirən hər iki partiyanın dəstəklədiyi silah nəzarəti qanununun icrasını gücləndirmələrinə göstəriş verən bir sərəncam imzalayıb.
2022 Təhlükəsiz İcmalar Aktı 21 yaşından aşağı alıcılar üçün yoxlamaları genişləndirir və ştatlararası silah qaçaqmalçılığına qarşı mübarizə aparır. Qanun həmçinin ştatlara məişət zorakılığı törədən məhkumların odlu silah almasının qarşısını alan qanunlar yaratması və həyata keçirməsi üçün federal maliyyə ayırır və zorakılığa müdaxilə proqramları və psixi sağlamlıq xidmətləri üçün daha çox federal maliyyə ayırır.
Bayden silahlı zorakılığın qarşısını almaq üçün gördüyü son səylərdən Kaliforniya ştatının Monterey Park şəhərində danışıb. Orada 21 yanvarda silahlı şəxs Ay təqvimi ilə Yeni il şənliyi zamanı rəqs salonunda atəş açaraq, 11 nəfərin ölümü və 9 nəfərin yaralanmasına səbəb olub.
"Burada, Monterey Parkında, San Qabriel Vadisində, asiyalı amerikalılar icmasının ürəyində baş verən faciə bu millətin ruhunda dəlik açıb" , Bayden deyib.
Bayden odlu silahların nəql edilən zaman oğurlanma hallarında artımını aradan qaldırmaq, silahları təhlükəsiz saxlama qanunları haqqında ictimaiyyəti məlumatlandırmaq, silahlı cinayətlərin araşdırılmasına kömək etmək üçün təşkilat daxilində koordinasiya və məlumat bazası hesabatlarını təkmilləşdirmək kimi göstərişləri ehtiva edən sərəncamının bir prezidentin Konqresin təsdiqi olmadan qəbul edə biləcəyi ən əhatəli qanun kimi təsvir edib.
Universal yoxlamalar
“Mənim sərəncamım baş prokurora bizi yeni qanun layihəsi olmadan universal yoxlamalara mümkün qədər yaxınlaşdırmaq üçün mümkün olan bütün qanuni tədbirləri görməyə istiqamətləndirir,” Bayden deyib.
Universal yoxlamaları təşviq edən Silah Zorakılığının Qarşısının Alınması üzrə Brady Kampaniyasının federal siyasət direktoru Mark Kollins Baydenin sərəncamının əhəmiyyətli olduğunu bildirib.
“Bu, qazanc məqsədi ilə silah satan insanları əhəmiyyətli dərəcədə böyük hissəsin silah satmağa davam etmək istəyib-istəmədiklərini və yaxud lisenziyalı satıcı olub, yoxlama apararaq silah satmaq istəyib-istəmədiklərinə dair bir qərar verməyə məcbur edəcək,” - deyə, Kollins Amerikanın Səsinə bildirib.