Çərşənbə günü ABŞ prezidenti Co Bayden Ukraynaya hərbi, iqtisadi və humanitar yardımın növbəti mərhələsini Qərb müttəfiqləri ilə koordinasiya etmək üçün Brüssel və Varşavaya yollanıb.
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsinin bir ayı tamam olduğu bir vaxtda Rusiya qüvvələrinin zərbələri Kyivdəki ticarət mərkəzi də daxil olmaqla, mülki binaları dağıdıb.
Bu həftə Qərb müttəfiqləri ölkəyə yardımın növbəti mərhələsini koordinasiya edəcəklər.
ABŞ prezidenti Co Bayden NATO-nun fövqəladə sammitində iştirak etmək və G-7 və Avropa İttifaqı liderləri ilə görüşmək üçün Avropaya yollanır. Bu barədə milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məlumat verib.
“O, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqində və yayınma hallarının qarşısını almaq və güclü tətbiqi təmin etmək üçün mövcud sanksiyaları sərtləşdirməkdə tərəfdaşlarımıza qoşulacaq. O, müttəfiqləri ilə NATO-nun şərq cinahındakı qüvvələrinin mövqeyinə uzunmüddətli düzəlişlər üzərində işləyəcək. O, nəhayət, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və Avropanın Rusiya qazından asılılığının azaldılması üzrə birgə fəaliyyət elan edəcək” - deyə, Sallivan bildirib.
Məqsəd Moskva ilə danışıqlar apararkən Volodimir Zelenskinin əlini gücləndirməkdir. Ukrayna prezidenti atəşkəs razılaşması əldə edildikdən sonra Rusiyanın dəstəklədiyi separatçıların əlində olan şərqi Donbas regionunun və 2014-cü ildə Moskva tərəfindən ilhaq edilmiş Krımın statusunu müzakirə etməyə açıq olduğunu bildirib.
Kyiv, həmçinin təhlükəsizlik zəmanəti müqabilində NATO-ya tam üzvlük tələblərindən imtina etməyi də nəzərdən keçirməyə hazırdır.
“Bu necə görünür, müttəfiqlər və tərəfdaşlar nəyə baxırlar, nə etməyə hazırdılar – bütün bunlar inanılmaz dərəcədə vacib olacaq. Bu, Rusiyanın öz qoşunlarını çıxarması üçün kifayət etməyəcək. Rusiya Ukraynada baş verənlərin yenidən qurulması üçün də pul ödəməli olacaq” - deyə, Alman Marşall Fondunandan Conatan Kats bildirib.
Bayden döyüş təyyarələri kimi hücum silahları vermək istəyən NATO müttəfiqləri və Moskva ilə gərginliyin qarşısını almaq istəyən digərləri arasında fikir ayrılıqlarını idarə etməli olacaq.
“Ukraynada müharibə açıq-aydın dəhşətli olsa da, Avropada daha genişmiqyaslı müharibə əsaslı şəkildə fəlakətli olardı. Və burada NATO-nun əsas rolu mahiyyətcə III Dünya Müharibəsinin qarşısını almaqdır. Beləliklə, NATO-nun Rusiyanı Avropa xalqlarına qarşı hər hansı daha geniş təcavüzdən çəkindirmək, gücləndirmək və əsaslara qayıtmaq üçün real işi var” - deyə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Son Monaqhan qeyd edib.
Bayden, həmçinin qonşu Polşaya axışan milyonlarla insan da daxil olmaqla, artan qaçqın axınına cavab olaraq əlavə yardım elan edəcək və orada prezident Andjey Duda ilə görüşəcək.
“Polşa Birləşmiş Ştatların şərq cinahını müdafiə etməyə və möhkəmləndirməyə kömək etmək üçün xeyli sayda qüvvə topladığı yerdir. Polşa təkcə Ukraynadakı müharibə ilə deyil, Rusiyanın Belarusa hərbi qüvvə yerləşdirməsi ilə də mübarizə aparmalıdır” – deyə, Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
Ağ Ev Baydenin Polşada olarkən qaçqınlara baş çəkəcəyi ilə bağlı fərziyyələri təsdiqləməyib. O, Prezidentin müharibə zonasına girməsi təhlükəsi nəzərə alınaraq Ukraynaya səfər etməyəcəyini bildirib.