Accessibility links

Bayden Amerika vətəndaşlarına Ukraynanı tərk etmələri barədə xəbərdarlıq edib


ABŞ prezidenti Co Bayden cümə axşamı Amerika vətəndaşlarına Ukraynada qalmamaları barədə xəbərdarlıq edib. Prezident onları dərhal ölkəni tərk etməyə çağırıb və ABŞ ilə Rusiya qoşunları arasında toqquşma baş verəcəyi halda Rusiya ilə böyük münaqişə ehtimalı barədə xəbərdarlıq edib.

"Amerika vətəndaşları oradan getməlidir, indi getməlidir" – deyə, ABŞ-da qərargahlanan NBC News televiziya kanalına müsahibə verən Bayden bildirib.

"Biz dünyanın ən böyük ordularından biri ilə qarşı-qarşıyayıq. Bu, çox fərqli bir vəziyyətdir və hər şey sürətlə dəyişə bilər" - deyə, Bayden qeyd edib.

ABŞ prezidenti Rusiyanın işğalı halında amerikalıları xilas etmək üçün belə Ukraynaya qoşun göndərməyəcəyini bildirib.

"Bu, dünya müharibəsidir. Amerikalılar və ruslar bir-birini güllələməyə başlayanda biz tamamilə fərqli bir dünyada oluruq" – deyə, ABŞ lideri əlavə edib.

ABŞ Dövlət katibi Antoni Blinken Avstraliya, Yaponiya və Hindistandan olan və QUAD adlanan qurumdakı həmkarları ilə cümə günü görüşdüyü Avstraliyada jurnalistlərə danışarkən, Baydenin xəbərdarlığını təkrarlayaraq, Rusiyanın fevralın 20-də başa çatacaq olan Pekin Qış Olimpiya Oyunları zamanı Ukraynaya müdaxilə edə biləcəyini bildirib.

"Biz işğalın istənilən vaxt başlaya biləcəyi bir dönəmdəyik və dəqiq olmaq lazımdırsa, bura olimpiada dövrü də daxildir" – deyə, Blinken qeyd edib.

Rusiya cümə axşamı Belarusda 10 günlük irimiqyaslı hərbi təlimlərə başlayıb və altı gəmisini strateji Qara dəniz limanına yanaşdırıb. Moskvanın bu hərəkətlərini regionda gərginliyin daha da artması kimi xarakterizə edən Ukrayna rəsmiləri buna kəskin iradını bildirib.

XS
SM
MD
LG