Accessibility links

Novosibirskdə bığ-saqqal yasaqlandı


Novosibirsk Sənaye Kollecinin tətbiq etdiyi yeni daxili qaydalara görə, tələbələrə bığ və saqqal saxlamaq, yaxud da döymə (tatu) etdirmək yasaqlanıb. Əlavə olaraq, bundan sonra tələbələr tənəffüs zamanı kollecin binasını tərk edə bilməzlər.

Kollecin tələbələrindən birinin valideyni yeni qadağalarla bağlı Novosibirsk vilayət prokurorluğuna şikayət edib. Bundan sonra məsələ tayga.info xəbər saytının diqqətini cəlb edib.

Valideynin şikayətindən sonra təhsil müəssisəsində yazılmamış qanunun hökm sürdüyü bəlli olub: tələbələrə tənəffüs zamanı küçəyə çıxmaq qadağandır.

Vilayət prokurorluğunun məsələni araşdıraraq gəldiyi nəticəyə görə, bu qeyri-rəsmi məhdudiyyət Rusiya Federasiyası vətəndaşlarının sərbəst hərəkət, yerləşmə və yaşayış yerini seçmə azadlığı hüququnun pozulmasıdır. Bu hüquqsa həm Rusiya Federasiyasının Konstitusiyasında, həm də vətəndaşların hərəkət azadlığı haqqında qanunda təsbit olunub.

Vilayət prokurorluğu bundan başqa aşkarlayıb ki, kollecdə tələbələrə bığ, saqqal saxlamağı, döymə (tatu) etdirməyi və onu insanlara göstərməyi qadağan edən daxili nizam-intizam qaydaları mövcuddur. Prokurorluq hesab edir ki, bu, gənclər üçün çox böyük əhəmiyyət kəsb edən özünüifadə azadlığının məhdudlaşdırılmasıdır.

Bu barədə məlumatı vilayət prokurorunun baş köməkçisi Dmitri Lyamikov «Rossiyskaya Qazeta»ya verib.

Vilayət prokurorluğu bu məsələ ilə bağlı kollec rəhbərliyinə müraciəti edərək etirazını bildirib.

Novosibirsk Sənaye Kolleci dövlət təhsil müəssisəsidir. Hələlik nə kollec rəhbərliyi, nə də Novosibirsk vilayətinin təhsil nazirliyi prokurorluğun etirazına münasibət bildirib.

Kollecin bığlı, saqqallı və döyməli tələbələrinin hansı cəzalarla üzləşdiyi haqda bilgi verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG