Accessibility links

Məhkəmə 12 nəfər etirazçı barədə həbs qərarı verib


Ticarətçilər xuliqanlıq və zorakılıq yolu ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə təqsirli bilinir

Yanvarın 19-da “Binə” ticarət mərkəzi qarşısında ticarətçilərin keçirdiyi etiraz aksiyasının 12 iştirakçısı barəsində yanvarın 21-də Səbayel rayon məhkəməsi 2 aylıq həbs qətimkan tədbiri seçib. Onlar 221.3 (xuliqanlıq) və 315.2 (zorakılıq yolu ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə təqsirli bilinir.

Həbs edilənlərdən birinin vəkili Nemət Kərimli Turan agentliyinə bildirib ki, saxlanılanların hüquqları kobud şəkildə pozulur, amma müdafiə tərəfi onları müdafiə etmək qətiyyətindədir.

Vəkil Kamran Kərimov isə deyib ki, müvəkkili saxlanılarkən polis tərəfindən döyülüb.

Saxlanılan Samid Hüseynovun anası Zərifə Hüseynova bildirib ki, oğlu mağazada həbs edilib və onun heç bir təqsiri yoxdur.

Saxlanılanların dəqiq sayı məlum deyil. Qeyri-rəsmi məlumatlara görə, onların sayı 100-ə yaxındır. Etirazçıların bir hissəsi şənbə və bazar günləri sərbəst buraxılıb. Bəzi məlumatlara görə, sərbəst buraxılmazdan əvvəl onlardan pul tələb ediblər.

Xatırladaq ki, ticarət mərkəzinin 2 minə yaxın işçisi yolu bağlayaraq, mağazaların icarəsi üçün qanunsuz rüsumlara son qoymağı tələb edib.
XS
SM
MD
LG