ABŞ dövlət katibi Antoni Blinkenin bu həftə İndoneziyanın Bali şəhərində ən böyük iqtisadiyyatlar, Böyük 20-lər və ya G-20 qrupunun xarici işlər nazirləri ilə görüşündə Rusiyanın Ukraynaya qarşı təcavüzü gündəmin əsas mövzusu olacaq.
Blinken nazirlərlə görüşə çərşənbə günü yola düşüb və orada o, Çinin xarici işlər naziri Van Yi ilə də ikitərəfli görüşlərdə iştirak edəcək.
ABŞ dövlət katibinin köməkçisi Daniel Kritenbrinkin bildirdiyinə görə, ABŞ və Çin diplomatları arasında keçiriləcək görüşlərin gündəliyində iqlim dəyişikliyi, qlobal sağlamlıq, narkotiklərlə mübarizə və Myanmadakı vəziyyətlə bağlı mümkün əməkdaşlıq məsələləri var.
Çərşənbə axşamı telefonla keçirdiyi brifinq zamanı Kritenbrink jurnalistlərə deyib ki, ABŞ Çinlə "sıx rəqabətini" məsuliyyətlə idarə etmək istəyir.
Diplomatik mənbələrə görə, Blinkenin Vanla iki uzunmüddətli görüşü olacaq. Birinci görüş zamanı ikitərəfli münasibətlər, ikincisində isə regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
G-20 nazirləri ilə görüşündən sonra Blinkenin Banqkoka gedəcəyi və orada Birma kimi tanınan Myanmadakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Ukrayna G-20-nin üzvü olmasa da, Ukraynanın Avropa İttifaqına namizəd olmasından sonra xarici işlər naziri Dmitri Kuleba bu həftə keçiriləcək yığıncağa dəvət olunub. Kuleba bildirib ki, o, ölkəsinin mövqeyini Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Cosep Borrellə əvvəlcədən razılaşıb.
"Biz ikimiz də Avropa İttifaqının Rusiyaya qarşı yeddinci sanksiya paketinin zəruriliyi ilə razıyıq və bunun üzərində işləyirik" - deyə, Kuleba tvitter səhifəsində bildirib.
ABŞ rəsmilərinin fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi qlobal iqtisadi qeyri-sabitliyə səbəb olub və Vaşinqton Rusiya hərbi hücumunu bitirməyincə Kremlə təzyiqlərini azaltmayacaq.