Accessibility links

Blinken: Hazırkı danışıqlar Qəzzada atəşkəs üçün "bəlkə də sonuncu" fürsətdir


ABŞ dövlət katibi Antoni Blinkenin bildirdiyinə görə, Qəzzada son atəşkəs razılaşması girovların qaytarılmasını təmin etmək və HƏMAS-la İsrail arasında döyüşlərə son qoyulması üçün son şans ola bilər.

Blinken bazar ertəsi "Bu, həlledici məqam - girovları evlərinə qaytarmaq, atəşkəs əldə etmək, hamını sülh və təhlükəsizliyə aparmaq üçün yəqin ki, ən yaxşı, bəlkə də sonuncu fürsətdir" deyib.

Blinken bazar ertəsi İsrail prezidenti İshaq Hersoqla görüşüb və günün sonunda onun baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantla görüşü planlaşdırılıb.

Bu, onun oktyabrın 7-də hərbi əməliyyatlar başlayandan bəri regiona doqquzuncu səfəridir. ABŞ, Misir və Qətərdən olan müzakirəçilər sazişin ən son versiyasını hazırlamaq üçün keçən həftə Qətərin paytaxtı Dohada bir araya gəlib və müzakirələrin yenidən bu həftənin sonunda Qahirədə davam edəcəyi gözlənilir.

İsrail polisi Blinkenin bazar günü İsrailə gəlişindən az sonra Tel-Əvivdəki sinaqoqun yaxınlığında bomba partlaması nəticəsində bir nəfərin öldüyünü, digərinin isə yaralandığını bildirib. Bazar ertəsi polis partlayışı terror hücumu kimi qiymətləndirib.

Reuters xəbər agentliyi İsrailin bazar ertəsi də Xan Yunisin şimalına doğru irəliləməyi davam etdirdiyini və gecə ərzində Qəzza şəhəri ətrafını bombardmanını gücləndirdiyini bildirib.

Livanın Səhiyyə Nazirliyi İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində iki nəfərin öldüyünü, Livanın rəsmi Milli Xəbər Agentliyi isə İsrailin bir neçə bölgəni atəşə tutduğunu və reydlər keçirdiyini bəyan edib.

"Hizbullah" İsrailin iki hərbi mövqeyinə - sərhəd yaxınlığındakı kazarmaya və sahildəki Akr şəhəri yaxınlığındakı bazaya "pilotsuz təyyarələrlə" hava hücumuları təşkil etdiyini açıqlayıb.

Forum

XS
SM
MD
LG