ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü deyib ki, hərbi çevrilişdən 10 ay sonra "böhran yalnız ağırlaşmaqda davam edən" Myanmaya qarşı əlavə tədbirlərin tətbiqi məsələsi nəzərdən keçirilməlidir.
Kuala-Lampura səfəri zamanı Malayziyanın xarici işlər naziri Seyfuddin Abdulla ilə birlikdə jurnalistlərə açıqlama verən Blinken ayrı-ayrı ölkələrin hərəkətlərinin və ya kollektiv səylərin məqsədinin ölkəni demokratik trayektoriyaya qaytarmaq üçün rejimə təzyiq göstərmək olduğunu deyib.
O, zorakılığa son qoyulması, məhbusların azad edilməsi və humanitar yardım işçilərinə icazə da daxil olmaqla, bir neçə konkret məsələ göstərib.
Blinken Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına istinad edərək, "ASEAN-ın beş bəndlik konsensus planı var ki, xunta onunla razılaşıb və imzalayıb. Bu plan həyata keçirilməlidir” deyib.
Seyfuddin ASEAN-ın xarici işlər nazirlərinin gələn ay keçirilən görüşü zamanı Myanmadakı vəziyyətin gündəmin vacib bir hissəsi olacağını deyib və yol xəritəsi üçün daha ətraflı planın vacibliyini vurğulayıb.
"Biz növbəti addımların nə olacağına baxmalıyıq. Bizim beş bəndlik konsensusumuz var, lakin biz müəyyən şeylərin nə vaxt və necə əldə edilməli olduğunu dəqiq bilmirik. Beləliklə, tarixlər və nəticələrlə bağlı faktiki addımları və mərhələləri qeyd etməklə, görüş zamanı üzərində çalışacağımız mühüm mövqe olacaq” - deyə, Seyfuddin bildirib
Blinken Malayziyaya səfəri zamanı Baş nazir Dato Şri İsmayıl Səbri Bin ilə görüşəcək, O, eləcə də Malayziyanın enerji sektorunun nümayəndələri ilə təmiz enerji islahatları haqqında müzakirələr aparacaq və Malayziya Gənclərinin Cənub-Şərqi Asiya Liderlik Təşəbbüsünün nümayəndələri ilə görüşəcək.