Accessibility links

Yaxın Şərqi tərk edən Blinken: Saziş tezliklə əldə olunmalıdır


ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə doqquzuncu səfərini çərşənbə axşamı gecə yekunlaşdıraraq deyib ki, İsrail və HƏMAS tez bir zamanda atəşkəs razılığına gəlməlidir.

Blinken Qətərin paytaxtı Dohadan yola düşməzdən əvvəl "Zaman çox vacibdir, çünki hər keçən gün girovların rifahı və həyatı təhlükə altındadır" deyib.

"Zaman çox vacibdir, çünki Qəzzada hər gün qadınlar, uşaqlar, kişilər adekvat qida, dərman əldə etmədən əziyyət çəkir. Çünki onlar başlamadıqları və dayandıra bilmədikləri döyüşlərdə yaralanma və ya ölmək riski ilə üzləşir. Və zaman çox vacibdir, çünki regionda hər keçən gün gərginliyin artması təhlükəsi var" - deyə, o bildirib.

Bu həftənin əvvəlində İsrailə səfər etdikdən sonra İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ, Qətər və Misirdən olan müzakirəçilər tərəfindən irəli sürülən keçid təklifini qəbul etdiyini deyən Blinken Qahirə və Dohada rəsmilərlə görüşüb.

"Biz hər gün İsraillə, qətərli və misirli tərəfdaşlarımız isə HƏMAS-la əlaqə saxlayırıq. Əvvəla biz HƏMAS-ı yaxın günlərdə körpü təklifini əlaqələndirmək üçün danışıqlara mümkün qədər tez cəlb etmək, sonra isə hər iki tərəfin təklifin həyata keçməsinə imkan verəcək zəruri detallar üzərində işləyəcəklərinə və razılaşacaqlarına əmin olmaq istəyirik" deyə, əlavə edib.

Bununla belə, həm HƏMAS, həm də İsrail ABŞ-ın dəstəklədiyi təklifin aspektlərini bəyənmədiklərini bildirib və razılaşmanın əldə edilməsi həmişəki kimi çətin görünüb.

HƏMAS yeni bəyanatında bundan əvvəl razılaşdığı son təklifin "ləğv edildiyini" bildirib və ABŞ-ı İsrailin "yeni şərtlərinə" boyun əyməkdə ittiham edib.

Bu arada, Netanyahu Qəzzadakı girovların qohumlarına əsas məqsədin "daxildən və xaricdən olan böyük təzyiqlər qarşısında strateji təhlükəsizlik aktivlərimizi qorumaqdır" deyib.

O, İsrailin Filadelfi dəhlizi adlandırdığı Qəzza-Misir sərhədi boyunca dar bufer zonanın “ələ keçirilməsini” qeyd edib. Nə HƏMAS, nə də Misir İsrailin orada olmasını istəmir.

Daha sonra ABŞ-ın yüksək səviyyəli rəsmisi Netanyahunun "bu kimi maksimalist bəyanatlarının atəşkəs razılaşması əldə etmək üçün səmərəli olmadığını" deyib.

Forum

XS
SM
MD
LG