ABŞ Dövlət katibi Antoni Blinken qonşu Ukraynadan gələn qaçqın axını ilə qarşılaşan kiçik qərbyönlü keçmiş sovet respublikası olan Moldovaya Vaşinqtonun dəstəyini vəd edib.
Blinken bazar günü Moldovaya səfəri zamanı ölkə rəhbərliyini Birləşmiş Ştatların “nə vaxt və harada baş versə” Rusiyanın təcavüzünə qarşı beynəlxalq müqaviməti birləşdirəcəyinə əmin edib.
Moldova fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri 230 mindən çox qaçqının ölkə sərhədini keçdiyini bildirib. Rəsmilərin bildirdiyinə görə, onlardan ən azı 120 mini ölkədə qalıb.
Moldova qaçqınlar probleminin həllində beynəlxalq yardıma müraciət edib. Ölkə həmçinin Rusiyanın potensial təcavüzünə qarşı təhlükəsizlik qarantiyalarının təmin olunmasına çalışır.
Martın 6-da Kişinyovda Moldova prezidenti Maia Sandu ilə yanaşı çıxış edən Blinken ABŞ-ın Moldovanın Avropa İttifaqına üzv olmaq istəyini dəstəklədiyini, lakin prosesə Aİ tərəfindən qərar veriləcəyini deyib.
Moldova martın 3-də Avropa İttifaqına üzv olmaq üçün rəsmi ərizə verib. Bu addımın Moldovanın şərqindəki separatçı Dnestryanı bölgədə təxminən 1500 nəfərlik əsgəri qüvvə yerləşdirən Rusiya tərəfindən qəzəblə qarşılanacağı gözlənilir.
Maia Sandu Dnestryanı bölgədə rus əsgərlərinin mövqelərində indiyə qədər dəyişikliyinə dair heç bir əlamətin olmadığını deyib, lakin Ukraynada baş verənlər fonunda bunun narahatlıq doğurduğunu vurğulayıb.
“Bu, çox həssas məsələdir və biz bunu yaxından izləyirik” – deyə Sandu bildirib. “Bizim hazırda bu regionda özümüzü təhlükəsiz hiss etməyimiz mümkün deyil”, o əlavə edib.
Blinken ABŞ-ın Moldovanın enerji sektorunu “gücləndirmək və şaxələndirmək” üçün yaxın bir neçə il ərzində 18 milyon dollar ayıracağını qeyd edib. Moldova Rusiya qazından asılı olan ölkədir.