Accessibility links

ABŞ Rusiyanı ukraynalıları zorla deportasiya etməkdə ittiham edib


ABŞ dövlət katibi Antoni Blinken Rusiyanı Ukraynanın şərqində və cənubunda nəzarət etdiyi ərazilərdən yüz minlərlə ukraynalını zorla Rusiyaya deportasiya etməkdə ittiham edib.

Blinken 260 mini uşaq olmaqla, 900 mindən 1,6 milyona qədər Ukrayna vətəndaşının həbs edildiyini, dindirildiyini və Rusiyaya deportasiya edildiyini bildirib. O, eləcə də ukraynalıların filtrasiya edilərək, Uzaq Şərqdəki təcrid olunmuş ərazilərə göndərildiyini deyib.

Blinken iyulun 13-də verdiyi açıqlamada Rusiyanın Cenevrə Konvensiyalarını pozduğunu deyib və bu əməliyyatları dayandırmağa çağırıb.

"Mühafizə olunan şəxslərin qanunsuz köçürülməsi və deportasiyası mülki şəxslərin müdafiəsi haqqında Dördüncü Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması və müharibə cinayətidir" - deyə, Blinken bildirib.

Filtrasiya əməliyyatları ailələri ayırmaq, Ukrayna pasportlarını müsadirə etmək və Rusiya pasportları vermək deməkdir. "Bu, Ukraynanın bəzi bölgələrində demoqrafik tərkibi dəyişmək üçün açıq-aydın səylərdir" , Blinken deyib.

Blinken deyib ki, "süzgəcdən keçirilən" insanlar arasında Ukrayna ordusu, mediası, hökuməti və vətəndaş cəmiyyəti qrupları ilə potensial bağlantılarına görə təhdid edilən ukraynalılar da var.

O, həmçinin sağ qalan şahidlərin sözlərinə istinadən Rusiya hökumətinin on minlərlə insanı Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan Donetskdəki təcridxanalara apardığını və onlara işgəncələr verildiyini bildirib.

Onun sözlərinə görə, filtrasiyaya məruz qalan bəzi şəxslərin qısa zamanda edam edildiyi barədə məlumatlar var.

Blinken filtrasiya proqramının əvvəlcədən planlaşdırıldığını və Rusiyanın digər müharibələrdə, eləcə də Çeçenistanda apardığı əməliyyatlarla oxşar olduğunu və rusların bütün bunlara görə məsuliyyət daşımalı olduğunu deyib.

O, "buna görə də biz Ukrayna və beynəlxalq hakimiyyət orqanlarının vəhşiliklərin sübutlarını toplamaq, sənədləşdirmək və qorumaq səylərini dəstəkləyirik" deyib.

Bu bəyanat Ukraynada iddia edilən hərbi cinayətlərlə bağlı Haaqada keçirilən Ukrayna Hesabatı Konfransından bir gün əvvəl verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG