Accessibility links

Blinken Ukraynanın Sərhəd Mühafizə Məntəqəsində olub


ABŞ Dövlət katibi Antoni Blinken elan olunmamış iki günlük səfərinin son günü, cümə axşamı Kyiv ətrafındakı Ukrayna Sərhəd Mühafizə Məntəqəsinə baş çəkib.

Səfər çərçivəsində minaya davamlı və pusqudan qorunan dörd avtomobilin təqdimatı olub. Həmin avtomobillər yaxın aylarda ABŞ-ın Ukraynaya təhvil verməyə hazırlaşdığı 190 ədəd avtomobilə daxildir.

Blinken, həmçinin Ukraynanın ixrac üçün qarğıdalı yetişdirildiyi fermada Rusiyanın partlamamış hərbi sursatlarını zərərləşdirən komandası ilə də görüşüb.

Blinken "Ukrayna ərazisinin üçdə birində mina və ya partlamamış hərbi sursatların olmasını düşünmək belə çətindir" deyib.

"Sizin işiniz ukraynalıların həyatına və bütün dünyadakı insanların həyatına dərin təsir göstərir" - deyə, Blinken Ukraynanın qlobal ərzaq təminatında əhəmiyyətini qeyd edib.

Blinken çərşənbə günü ABŞ-ın Ukraynaya 1 milyard dollarlıq yeni yardım paketini açıqlayıb. Paketə əlavə hava hücumundan müdafiə avadanlığı, artilleriya sursatları, tank əleyhinə silahlar, eləcə də "Abrams" tankları üçün tükənmiş uran mərmiləri və digər avadanlıqlar da olmaqla, 175 milyon dollarlıq təhlükəsizlik yardımı daxildir.

Amerika vətəndaşları və qanunvericiləri arasında ABŞ-ın bu səviyyədəki yardımına dəstəyin davam etdirilməsindən narahat olub-olmayanlar barədə soruşduqda, Blinken nikbin cavab verib.

"Mən burada sonuncu dəfə təxminən bir il əvvəl olmuşam və o vaxtdan, mənim burada sonuncu dəfə olduğum bir il ərzində, Ukrayna Rusiyanın 2022-ci ilin fevralından bəri ələ keçirdiyi ərazilərin 50%-dən çoxunu geri alıb. Hazırkı əks-hücumda biz son bir neçə ildə olduğundan daha real irəliləyiş görürük" - deyə, o bildirib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib ki, bu müharibədə məsələ təkcə Ukrayna ilə bağlı deyil, müharibə bitdikdən sonra dünyanın necə görünəcəyi ilə bağlıdır. Rusiya qalib gəlsə, digər avtokratlar da qonşularını işğal etmək səlahiyyətinə malik olacaq. "Qərb bu müharibədə qalib gələ bilməsə, hansı müharibəyə qalib gələ bilər?" sualını verib.

Almaniyadakı Kiel Dünya İqtisadiyyatı İnstitutunun bildirdiyinə görə, ABŞ Ukraynaya yardım edən ən böyük hərbi donorudur. Danimarka, Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Norveç, Finlandiya, Niderland, Britaniya və Çexiya da daxil olmaqla, digər ölkələr öz iqtisadiyyatlarının ölçüsünə nisbətən Ukraynaya daha böyük maliyyə yardımı göstərir.

Forum

XS
SM
MD
LG