Accessibility links

Bloq: Debat və Demokratiya


Amerikada seçki kampaniyası nəhayət çoxlarının gözlədiyi debat mərhələsinə daxil oldu. Demokratik cəmiyyətlərdə debat seçkilərin ən mühüm atributlarından biridir. Burada prezidentliyə iddialı olan namizədlər üz-üzə gələrək öz arqumentlərini əsaslandırır, rəqibini tənqid edir və seçicilərin rəğbətini qazanmağa çalışırlar. Artıq prezident olan şəxslər isə göstəricilərini müdafiə edir və ikinci dönəmdə nə edəcəklərini xalqa izah edirlər.

Birləşmiş Ştatlarda debat ənənəsinin kökləri dərin olsa da, prezidentiyə namizədlər səviyyəsində ilk debat 1960-cı ildə Con F. Kennedi ilə Riçard Nikson arasında keçirilmişdi. Bu debat həm də canlı televiziyada yayımlanan ilk debat idi. Maraqlıdır ki, debat ictimaiyyətdə böyük diqqət cəlb etsə də ikinci belə debat 1976-cı ildə Demokrat namizəd Cimmi Karterlə Respublikaçı prezident Cerald Ford arasında baş verdi. Həmin debatda Ford səhvən Şərqi Avropanın Sovet əsarətində olmadığını deməklə özünü çətin duruma saldı.

Debatların seçkilərin nəticəsinə nə kimi təsir göstərməsi haqda mülahizələr müxtəlifdir. Bəzi təhlilçilər bu təsirin kifayət qədər böyük olduğunu iddia edirlər. Məsələn, 1980-ci ildə Ronald Reyqanın Cimmi Karter üzərindəki qələbəsini çoxları Respublikaçı siyasətçinin müstəsna debat qabiliyyəti ilə əlaqələndirir. Cimmi Karter rəqibini tənqid edəndə Reyqan “Sən yenə də başladın” deyərək bircə kəlmə ilə şikayətcil opponentinin portretini cızmışdı. Yaxud da 1984-cü ildə Valter Mondeyllə debatda güclü yumor hissinə malik Reyqanın qoca yaşı haqda suala bu cavabı: “Mən öz rəqibimin gənc yaşından və təcrübəsizliyindən öz siyasi məqsədlərim üçün sui-istifadə etmək niyyətində deyiləm!” Həmin seçkiləri Reyqan misli görünməmiş üstünlüklə udmuşdu.

Debat hər şeydən əvvəl cəmiyyətlə onun idarəçiləri arasındakı münasibətin göstəricisidir. Debat o deməkdir ki, cəmiyyəti idarə edən şəxslər toplum qarşısında cavabdehlik hissi daşıyırlar və özlərinin rəhbər vəzifəyə layiq olduqlarını əsaslandırmağa lüzum görürlər. Məntiq sadədir: Xalq sənə yox, sən xalqa xidmət edirsən, və xalqın qulluqçusu kimi onun qarşısında hesabat verməli, özünə haqq qazandırmalısan. Təsadüfi deyil ki, liderlərin əvəzolunmaz hesab edildiyi avtoritar cəmiyyətlərdə heç bir debat keçirilmir. Axı debatın keçirilməsi üçün başlıca şərt həqiqi seçkinin keçirilməsidir. Bu yerdə Sovet diktatoru İosif Stalinin “vsem izvestno çto” kəlamı ilə başlayan nitqləri yada düşür. O yerdə də hər şey hamıya aydındır, o yerdə izahata, arqumentə, mükaliməyə də ehtiyac olmur. Atalar demişkən, görünən dərəyə nə bələdçi.
XS
SM
MD
LG