Accessibility links

Bloq: ... Mahnının köhnəsi

  • Əsgər Möhsümoğlu

Mariah Carey qazandığı Grammy mükafatlarını əllərində tutub. Nyu York. 20 fevral, 1991.

“Ata, sən niyə belə qəribə mahnılara qulaq asırsan?” Maşında gedərkən uşaqlardan tez-tez eşitdiyim suallardan biridir. Mən onların sevimli mahnılarını çox elə başa düşmürəm, onlar da mənim zövqümdən baş açmır.

Belə görünür ki, oxşar situasiya Mark Joseph Stern kimi bir çoxlarının diqqətini cəlb edib. “Nevral Nostalgiya” adlı məqaləsində müəllif etiraf edir ki, erkən yaşlarda dinlədiyi mahnılar yaşa dolduqca onun daha çox xoşuna gəlir.

Zövqümüzün nə qədər püxtələşməsindən asılı olmayaraq yeniyetmə dövrününü qızğın çağlarında dinlədiyimiz mahnılar beyinlərimizə hakim kəsilir.

“Yeniyetmə yaşlarımda dinlədiyim mahnılar hər ötən il mənim üçün daha çox məna kəsb etməyə başlayır, radiodakı yeni mahnılar isə qulağıma səs-küy kimi səslənir… 2013-cü ilin mahnıları mənə başağrısı verir, 2003-cü ilin mahnıları isə əhvalımı qaldırır.”

Bu yaxınlarda psixoloqlar və nevro-mütəxəssislər mahnıların emosiyalarımız üzərində nəhəng təsirə malik olduğunu öyrəniblər. Sternin yazdığına görə, tədqiqatçıların aşkarladığı dəlil göstərir ki, beynimiz bizi yeniyetmə yaşlarda eşitdiymiz mahnılara sıx bağlayır və bu bağlılıq yaş ötdükcə zəifləmir.

Yeniyetməlik dövrü 60-cı illərə təsadüf edən adamların qəlbində “The Beatles” qrupu xüsusi yer alıb.
Yeniyetməlik dövrü 60-cı illərə təsadüf edən adamların qəlbində “The Beatles” qrupu xüsusi yer alıb.

“Musiqi nostalgiyası təkcə mədəni fenomen deyil, o, həm də nevroloji sifarişdir,” Stern yazır. “Zövqümüzün nə qədər püxtələşməsindən asılı olmayaraq yeniyetmə dövrününü qızğın çağlarında dinlədiyimiz mahnılar beyinlərimizə hakim kəsilir.”

İnsan nəğməni ilk dəfə eşidəndə beynin audioloji gövdəsi stimulyasiya olunur. Dinləyən adam beynində ritmi, melodiyanı və harmoniyanı bütöv bir elementə çevririr ki, bu, da insanın başqa həyat təcrübələri ilə sıx qarışıqlıq təşkil edir. “Musiqi şəxsi xatirələri yada saldıqca keçmiş həyat, münasibətlər hamısı canlanmağa başlayır,” Stern yazır.

(Bu söhbət kimə tanış gəlir?)

Musiqi hər kəsdə beyin fəaliyyətini canlandırır. Amma gənclərdə bu fəaliyyət ayrı bir aləm olur. Araşdırmalar göstərir ki, 12-22 yaşlar arasında beyin nəhəng nevroloji transformasiyadan keçir. Həmin dövrdə dinlədiyimiz musiqi beynimizə əbədi həkk olunur.

Musiqini güclü edən başlıca amil onun təkcə xatirələri canlandırması yox, həm də onlara emosiya qatmasıdır. Erkən yaşlarda emosiyaların qüdrəti yeniyetməlik dövrümüzün təcrübələrinə əsrarəngiz çalar verir.

Bu Sənin Musiqidəki Beynindir kitabının müəllifi Daniel Levitin deyir ki, yeniyetmə illərimizdə dinlədiyimiz musiqi sosial həyatımızın ayrılmaz parçasıdır.

Nəsillər keçdikcə dəyişən təkcə musiqinin növü yox, həm də onun dinləmə formatıdır.
Nəsillər keçdikcə dəyişən təkcə musiqinin növü yox, həm də onun dinləmə formatıdır.

“Biz erkən yaşlarda həyatda ilk dəfə olaraq musiqini kəşf edirik, və bunu dostlarımızın əhatəsində edirik. Biz musiqiyə sosial vəsiqə kimi, müəyyən bir qrupa üzvlük haqqı kimi qulaq asırıq. Musiqi bizim kimliyimizlə, şəxsiyyətimizlə büsbütün qarışır.”

Kaliforniya Universitetinin psixoloqu Petr Janata bu fikirlə razılaşır. Onun sözlərinə görə, “xatirə sıçrayışı” adlanan fenomen var ki, bu bizim yeniyetmə yaşlarımızı bütün başqa periodlardan daha yaxşı xatırlamağımıza sirayət edir. Bunlar elə xatirələrdər ki, bizimlə ömrü boyu qalır.

“Keçmiş xatirələrimizə baxıdqda, iki əsas amil nəzərə çarpır: Onlar xoşbəxtdir və bu qayğısız dövr erkən – 20 yaşlarda cəmləşmiş olur.”

Çağdaş nəslin dinlədiyi ən populyar müğənnilərdən biri – Katy Perry
Çağdaş nəslin dinlədiyi ən populyar müğənnilərdən biri – Katy Perry

Belə çıxır ki, biz bir də heç vaxt başqa mahnını gəncliyimizin mahnısı qədər sevə bilməyəcəyik. Nə depressiv nəticə, deyə Stern gileylənir. Digər tərəfdən, musiqi bizim yaşa dolmuş həyatdan nirvanaya bir çıxış pəncərəmizdir – elə bir məkana ki, orada bizim ən xoş hisslərimiz, xatirələrimiz yuva salıb.

“Həmin illər artıq çoxdan keçib. Ancaq hər dəfə vaxtikən sevdiyimiz mahnını eşidəndə, həmin o mahnının gətirdiyi sevinc yenidən oyanır,” Stern yazır.

Bəs sizdə sevinc oyadan hansı mahnılardır? Əgər yadınızdadırsa, hesab edin ki, əhval-ruhiyyənizi qaldırmağın kəsə yolunu artıq tapmısınız.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG