Accessibility links

Bloq: Piratlar məskəni


Bəlkə də “Karib dənizinin Piratları” filminin təsiridir, ancaq Sent Tomas adasında, Karib dənizi sahilində əyləşib piratlar haqda düşünməmək qeyri-mümkündür.

Hətta amerikalılıarın çoxuna tanış olmayan bu ada Birləşmiş Ştatların 1917-ci ildə Danimarkadan aldığı Vircin Adaları sırasındadır.

Birinci Dünya Müharibəsinin gedişatında Almaniyanın Qərb yarımkürəsində özünə ayaq yeri qazanmasının qarşısını almaq üçün prezident Vudro Vilson indiki standartla $489 milyon dollar müqabilində adaları ABŞ-a ilhaq etmişdi.

Vircin Adaları dünyanın ən gözəl çimərliklərinə malikdir.
Vircin Adaları dünyanın ən gözəl çimərliklərinə malikdir.

Hərçənd ki, Vircin Adalarının sakinləri ABŞ vətəndaşları sayılır, bu günədək onların prezident seçkilərində iştirak etmək, yaxud da Konqresə nümayəndə seçmək hüququ yoxdur.

Ancaq Vircin Adalarının ən maraqlı cəhəti təkcə onların unikal siyasi statusu, əsrarəngiz tropik çimərlikləri yox, həm də olduqca maraqlı keçmişidir.

Qitələrdən xeyli kənarda yerləşən bu adalar piratların “qızıl dövrü” sayılan 17-18-ci əsrlərin başlıca macəra səhnələrindən olub.

Piratlar üçün dənizdə həyat çox vaxt təhlükəli, sıxıntılı və ağır olurdu.
Piratlar üçün dənizdə həyat çox vaxt təhlükəli, sıxıntılı və ağır olurdu.

Ələlxüsus Sent Tomasın strateji coğrafi mövqeyi, təbii istehkam funksiyasına malik buxtası və piratlarla iş birliyi qurmuş qubernatorları onu dünya şöhrətli pirat sığınacağına çevirmişdi.

1680-ci ildə Nikolas və sonradan qardaşı Adolf Esmit adanın rəhbərliyini ələ aldıqdan sonra hesab edirdilər ki, gəmilərin, yaxud sahil məskunlaşmalarının qarətindən varlanan piratlarla gəlirli əməkdaşlıq onların və idarə etdikləri adanın iqtisadi maraqlarına cavab verəcək.

Təsadüfi deyil ki, məşhur fransız pirat Jan Hamlin La Trompeuse adlı ingilis gəmisini ələ keçirdikdən sonra qubernatorunun yaxın dostu olduğu Sent Tomas adasına sığınmışdı. Burada ona və onun kimi bir çox piratlara zaval yox idi.

“Jolly Roger” kimi tanınan pirat bayrağı səniz quldurlarının universal rəmzi sayılsa da, müxtəlif piratlar öz zovqlərinə uyğun dizaynlar, rənglər seçirdilər.
“Jolly Roger” kimi tanınan pirat bayrağı səniz quldurlarının universal rəmzi sayılsa da, müxtəlif piratlar öz zovqlərinə uyğun dizaynlar, rənglər seçirdilər.

Bəs piratlar kimlər idi? Dənizdə həyat sürmək, həyat yolu olaraq qarəti və qeyri-müəyyən gələcəyi seçmiş kəslər nə cür adamlar idi?

Orta yaşı 27 olan piratların çoxu yoxsul zümrədən olan avropalılar, sabiq dənizçilər olurdu. Onlar adətən savadsız olurdular, və aralarında yazıb-oxuya biləni kapitan olurdu.

Əsatirlərdə piratlar çiyinlərində tutuquşu gəzdirən, qulaqlarında sırğa, bir ayaqları taxtadan təsvir olunurlar. Bu təsvirlərdə müəyyən həqiqət var.

Pirat qulağına adətən ekvator xəttini ilk dəfə keçəndən sonra sırğa vururdu.
Pirat qulağına adətən ekvator xəttini ilk dəfə keçəndən sonra sırğa vururdu.

Belə ki, müxtəlif məkanları dolaşan piratların həmin vaxt bahalı məişət heyvanı sayılan tutuquşusu pul vahidi funksiyası daşıyırdı.

Qulaqda qızıl və ya gümüş sırğa pirat vəfat etdikdə onun dəfni üçün istifadə oluna bilərdi. Bundan əlavə, piratlar arasında ekvator xəttinin ilk dəfə keçilməsi qulağa sırğa vurulmaqla qeyd olunurdu.

Dənizdə həyat təhlükəli idi. Ya döyüşdə, ya da naviqasiya zamanı bədən üzvlərinə xəsarət tez-tez baş verirdi. Qıç, yaxud ayaq amputasiya olunarkən piratlar onu gəmidə olan müxtəlif növ taxta parçaları ilə əvəzləməyə məcbur olurdular. Bir və ya hər iki gözün kor olması təhlükəsi kifayət qədər real idi-elə bir gözü sarğılı pirat obrazı həmin reallıqdan qaynaqlanır.

"Marooned" - Howard Pyle Qaydaları pozmuş, yaxud yoldaşlarının qəzəbinə tuş gəlmiş pirata verilən cəza adətən onun kimsəsiz adada tənha buraxılması olurdu.
"Marooned" - Howard Pyle Qaydaları pozmuş, yaxud yoldaşlarının qəzəbinə tuş gəlmiş pirata verilən cəza adətən onun kimsəsiz adada tənha buraxılması olurdu.

Piratların çoxu gəmilərdə üfunətli və darısqal kabinələrdə həyat sürürdülər. Soyuducuların olmaması o demək idi ki, tropik iqlimdə qızmar günəş altında yeməklər tez korlanırdı. Duzlanmamış, yaxud qaxac edilməmiş ət nadir nemət sayılırdı.

Oxşar səbəblərdən pirat gəmisində rom həyati əhəmiyyət kəsb edirdi. Əyləndirməkdən, dəniz ürəkbulanmasının qarşısını almaqdan əlavə, tərkibində alkohol olan rom həm də uzaq dəniz səyahətləri zamanı bakteriya ilə korlanan təmiz suya effektiv alternativ idi.

Dənizçilərə su əvəzinə daha sanitar rom verilməsi hətta dünyanın aparıcı hərbi dəniz donanmalarında (ABŞ, Britaniya, İspaniya, Fransa) ənənə halı almışdı.

Piratların bayraqları haqda ictimai təsəvvür də həqiqətə uyğundur. Adətən pirat gəmisinin bayrağı olaraq kəllə sümüyü və aşağıda kəsişən iki qılınc ağla gəlir. Bu, piratlar arasında öz gəmilərini fərlqəndirmək və düşməni vahiməyə saxlmaq üçün geniş yayılan təsvirdir. Lakin hər pirat gəmisinin kapitanı öz zövqünə uyğun bayraq dizaynında sərbəst idi.

Bartolomey Robertsin pirat gəmisinin qaydaları, 1721.
Bartolomey Robertsin pirat gəmisinin qaydaları, 1721.

Nə qədər qəribə də olsa, piratlar öz aralarında demokratik idarəçiliyə üstünlük verirdilər. Az qala hər pirat gəmisi öz üzvlərinin maraqlarına uyğun konstitutsiya, yaxud qaydalar kodeksi müəyyən edirdi ki, onu pozan şəxs üçün fəsadlar – istər kapitan osun, istərsə də sıravı pirat – ağır olurdu.

Yaddan çıxarmaq olmaz ki, piratların əksəriyyəti öz hökumətlərinə, kapitanlarına qarşı qiyam qaldırmış adamlardan ibarət olurdu. Təbii ki, belə adamları idarə etmək kifayət qədər konsensus və bacarıq tələb edirdi ki, qabaqcadan müəyyən edilmiş qaydalara riayət etməyən pirat kapitanının aqibəti elə də yaxşı olmurdu.

ABŞ Vircin Adaları dörd əsas (Saint Croix, Saint Thomas, Saint John, Su Adası) və 50 xırda adalardan ibarətdir.
ABŞ Vircin Adaları dörd əsas (Saint Croix, Saint Thomas, Saint John, Su Adası) və 50 xırda adalardan ibarətdir.

Piratlar arasında ən geniş yayılmış cəza növlərindən biri marooning – yəni tənha-qoyma olurdu. Müxətlif səbəblərdən yoldaşlarının etimadını itirmiş pirat Karib hövzəsində yerləşən saysız-hesabsız kiçik və kimsəsiz adalardan birində tərk edilirdi.

Bir qayda olaraq həmin adam adada tapança və bir butulka romla tənha qoyulurdu. Başqa gəmi tərəfindən xilas edilmək perspektivi söndükcə, aclıq və susuzluq üstün gəldikcə, intihar daha optimal seçim kimi görünməyə başlayırdı.

Əlbəttə, piratın “xilas edilməsi” özü-özlüyündə problematik sonuc idi. Belə ki, dövlət gəmisi tərəfindən ələ keçirildiyi halda az qala hökmən piratları dar ağacı və başqalarına görk olmaq üçün qurd-quşa yem olmaq perspektivi gözləyirdi.

"Cruzan" markalı rom Vircin Adalarının başlıca ixrac məhsulları sırasındadır. Karib hövzəsinə xas plantasiyaların yetişdirdiyi şəkər çuğundurundan hazırlanan bu yüksək keyfiyyətli rom vaxtikən Britaniyada pul vahidi kimi istifadə olunurdu.
"Cruzan" markalı rom Vircin Adalarının başlıca ixrac məhsulları sırasındadır. Karib hövzəsinə xas plantasiyaların yetişdirdiyi şəkər çuğundurundan hazırlanan bu yüksək keyfiyyətli rom vaxtikən Britaniyada pul vahidi kimi istifadə olunurdu.

Pirat olmaq heç də həmişə faciəvi sonluqla müşayiət olunmurdu. Tarixdə bir çox piratlara qarət hesabına topladıqları pullarla rahat sivil həyat sürmək nəsib olub.

Digərləri isə topladıqları dənizdə quldurluqla qazandıqları pulları sandıqlara doldurub gözdən uzaq, kimsəsiz adalarda gizlədir, lakin dənizdə həyatlarını itirdikləri üçün bu varidata sahib çıxa bilmirdilər. Robert Luis Stevensonun “Xəzinələr Adası” kimi bir çox məşhur romanlar məhz bu tarixi reallıqdan ilham alıb. Təsadüfi deyil ki, müəllifin haqqında bəhs etdiyi Ölü Sandıq Adası məhz Vircin Adaları silsiləsində yerləşir.

Bu günlər Karib dənizində piratlar gözə dəymir. Onların bir vaxtlar cövlan etdikləri sahillərdə turistlər üçün otellər, kurort mərkəzləri salınıb. Ancaq piratların bu firuzə rəngli sularda təhlükə dolu həyatlarını səciyyələndirən macəralar hələ də xəyallarda yaşayır.

XS
SM
MD
LG