Kemerovoda baş vermiş faciəvi yanğının ardınca qanunsuzluğa və səhlənkarlığa etiraz edən kütlənin toplaşdığı mərkəzi meydan bir cəhəti ilə diqqətə cəlb edirdi – meydanın mərkəzində sovet dönəminə məxsus Vladimir Leninin heykəli var idi. Kommunist ritualına xarakteristik olaraq irəli yol göstərən Leninin ətrafında toplaşan insanlar ədalət, dövlətdən öz vətəndaşlarına qarşı insani rəftar tələb edirdilər. Milyonlarla insanın həyatına erkən son qoymuş, digər milyonları fundamental siyasi-iqtisadi azadlıqlardan məhrum etmiş bir şəxsiyyətin heykəllə şərəfləndirildiyi bir cəmiyyətdə bu mənzərənin paradoksunu sezməmək çətindir.
1989-cu ildə biz cəmiyyətimizin liberal, açıq görüşlü və həmrəy olmasından sonra – yəni Qərbin bir parçası olmasından sonra firavan olacağına inanırdıq,.
Heykəl heç də hekayəni tamlıqla təsvir etmir. Sabiq sovet məkanının bir çox ölkələrində Leninin heykəlləri artıq durmur. Ancaq sovet istibdadını əzəldən rədd etmiş və ona qarşı müqavimətin önündə gedən Baltik respublikalarını çıxmaq şərtilə, əksər yerlərdə kommunizmin kabusu dolaşır. 70 ilin miras qoyduğu irsin əlamətlərinə sosial-siyasi həyatın bir çox aspektlərində hələ də rast gəlmək olar. Söhbət təkcə sabiq SSRİ respublikarından deyil, kommunizmin nə vaxtsa hökmranlıq etdiyi cəmiyyətlərdə bu izlər qalır və, insanlara fransız yazar Jan-Baptist Alfons Karrın təbirincə desək, reallığın “nə qədər çox dəyişirsə, bir o qədər eyni qaldığını” (plus ça change, plus c’est la même chose) xatırladır.
“1989-cu ildə mən buradaydım – ümid edirdik nəyisə dəyişəcəyik. Amma yetərli dəyişiklik olmayıb,” Bratislavada jurnalist qətlinə etiraz edən nümayişçi Martin Korman deyir. “Ümid edirəm ki, bu dəyişiklik birdəfəlik olacaq. Kommunistlər sifətlərini və davranışlarını dəyişiblər, amma simaları olduğu kimi qalır.”Financial Times qəzetinin yazdığına görə, ötən həftələrdə Şərqi Avropada baş qaldıran nümayiş dalğası Soyuq Müharibə bitəndən bəri regionda üzləşilən ən iri siyasi təlatüm sayıla bilər. Litvada küçələrə axışan nəhəng izdiham millət vəkilinin impiçmentindən sonra baş qaldıran maliyyə böhranına etiraz edirdi. Ondan bir həftə öncə isə minlərlə çex kommunist dönəmindən qalma polis zabitinin hüquq-mühafizə komissiyasına sədr təyin edilməsinə sərt etirazını bildirib.
Müşahidəçilərin fikrincə, özü-özlüyündə nümayişlər presedentsiz deyil. Amma hazırkı dalğada bürüzə verilən hiddət kommunizmin çöküşündən sonra doğrulmamış ümidləri əks etdirir.
“1989-cu ildə biz cəmiyyətimizin liberal, açıq görüşlü və həmrəy olmasından sonra – yəni Qərbin bir parçası olmasından sonra firavan olacağına inanırdıq,” Brnodakı Masarik Universitetinin sosioloqu Mixal Vaseka müşahidə edir. “Ancaq indi bizdə həyat standartları yaxşılaşır, lakin qərbyönümlü deyilik. Problem budur: ideallar reallıqla toqquşur.”
Financial Times yazır ki, kommunizmin süqutundan sonra Avropa İttifaqı mərkəzi və şərqi Avropa ölkələrində qanun aliliyini təmin edən təsisatların gücləndirilməsinə küllli miqdarda pul xərcləyiblər. Həmin islahatlar iqtisadi inkişafı xeyli sürətləndirib, lakin təsisatlar Qərb dövlətləri ilə müqayisədə zəif olaraq qalır.
Polşa kimi bəzi ölkələr korrupsiyanın qarşısını almaqda qismən uğurlu olublar. Lakin Rumıniya, Slovakiya və Macarıstanda kommunizmdən kapitalizmə keçid oliqarx adlanan zümrənin iqtisadiyyatın böyük kəsimini ələ keçirməsi ilə səciyyələnir.
Region boyu digər yerlərdə də oxşar hisslər yaşanır, Financial Times yazır. Buxarestdə qərargahlanan Ekspert Forumun əməkdaşı Sorin İonita Rumıniyada son 15 ildə baş verənləri qanun aliliyinin bərqərar olması uğrunda gedən vətəndaş müharibəsinə bənzədir. İnsanlar ölkənin hazırkı kursundan razı deyillər.
Praqadakı Nyu York Universitetinin direktoru Jiri Pehe hesab edir ki, Çex Respublikasında kommunist əyyamından qalma polis zabitinin vəzifəyə təyin edilməsini insanlar istibdadın simvolu kimi gördülər.
“Keçmişlə hesablaşmamaq cəmiyyətdə böyük qəzəb yaradır… Nə qədər ki, işlər yaxşı gedir, problem yoxdur. Lakin o an ki, qığılcım baş verir, hər şey üzə çıxır.”