Accessibility links

Fəzaya qalxmaq istəyənlər ən azı 200,000 dollar ödəməli olacaqlar


Amazon və Blue Origin şirkətlərinin təsisçisi Cef Bezos
Amazon və Blue Origin şirkətlərinin təsisçisi Cef Bezos

Cef Bezosun raket şirkəti növbəti ildən etibarən planlaşdırılan fəza səyahəti biletinə görə hər sərnişindən 200,000 dollardan 300,000 dollara qədər ödəniş almağı düşünür. Bu barədə Reuters agentliyinə Bezosun planları haqqında məlumatlı olan iki şəxs bildirib.

Potensial müştərilər və aerofəza sənayesi Blue Origin şirkətinin New Shepard fəza maşının bir biletinin qiymətini bilməkdə çox maraqlıdır. Bu marağın məqsədi şirkətin gəlir əldə edə bilməsi üçün bazardan kifayət qədər tələb əldə edə bilib-bilməyəcəyini müəyyən etməkdir.

Amazon şirkətinin təsisçisi Bezos tərəfindən 2000-ci ildə əsası qoyulan Blue Origin fəza şirkətinin yüksək vəzifəli əməkdaşları keçən ay keçirilən konransda bildiriblər ki, şirkət sərnişinlərlə bərabər sınaq uçuşları keçirməyi planlaşdırır və biletlərin satışını növbəti ildən başlamaq niyyətindədir.

Blue Origin şirkətinin nümayəndələri proqramları və qiymət siyasətləri ilə bağlı heç bir şərh verməyiblər. Bezos may ayında bildirmişdi ki, qiymətlər barədə qərar hələ verilməyib.

Şirkətinin iki əməkdaşı anonimlik şərti altında bildiriblər ki, Blue Origin şirkətinin fəzayə səyahət qiyməti 200,000 dollardan 300,000 dollara qədərə dəyişə bilər.

New Shepard fəza maşını avtonom qaydada səkkiz sərnişini Yer üzərindən 100 kilometr hündürlüyə qaldırmaq məqsədilə hazırlanıb. Bu hündürlük fəzanı görmək və çəkisizliyi hiss etmək üçün kifayətdir.

XS
SM
MD
LG