Accessibility links

BMT-nin Beynəlxalq Sülhməramlılar günüdür


Dünyanın təhlükəli zonalarında 120 000 sülhməramlı fəaliyyət göstərir. Azərbaycan hərbçiləri də Kosovo, İraqda olub və hazırda Əfqanıstandadır.

29 may BMT-nin Beynəlxalq Sülhməramlılar günüdür. BMT Baş katibi Pan Gi Munun müraciətində deyilir ki, hazırda dünyanın ən təhlükəli və qeyri-stabil zonalarında 17 missiya çərçivəsində 120 000 sülhməramlı fəaliyyət göstərir.

Baş katib eyni zamanda vəfat etmiş sülhməramlıları yad edib. “2011-ci ildə 112 kişi və qadın sülh yolunda öz həyatını qurban verib. Bu ilin ilk dörd ayında daha 27 sülhməramlı Birləşmiş Millətlər Təşkilatının missiyalarında xidmət edərkən həlak olub. Bu gün biz vəzifə borcunu yerinə yetirərkən həyatlarını itirmiş 2900-dən çox sülhməramlıları hörmətlə yad edir və müharibənin viran qoyduğu ölkələrə sabitlik gətirmək üçün gördüyümüz işləri davam etdirəcəyimizə söz veririk”, - deyə Baş katib qeyd edib.

Sənəddə deyilir ki, hazırda 116 üzv dövlətin hərbi və polis kadrları BMT əməliyyatlarında iştirak edir. “Bu rəqəm Birləşmiş Millətlər Təşkilatının sülhməramlı fəaliyyətinin kollektiv təhlükəsizliyi qorumaq üçün dəyərli vasitə olmasına artan qlobal inamı əks etdirir”.

Baş katib hesab edir ki, Suriyada yeni müşahidə missiyası beynəlxalq icmanın yaranan problemlərin həlli üçün Birləşmiş Millətlər Təşkilatına güvənməsini əks etdirən ən son nümunələrdəndir. “Missiyanın qarşısında çətin öhdəliklər qoyulmasına baxmayaraq, onun heyəti Suriya hökumətinin başladığı və nəticəsində minlərlə insanın öldürüldüyü zorakılığı dayandırmaq üçün cəsarətlə xidmət edir. Bu BMT-nin zorakılığı dayandırmaq və Suriya böhranının siyasi həllini tapmaq üçün Birgə Xüsusi Nümayəndəliyin apardığı böyük təşəbbüsün bir hissəsidir”.

Pan Gi Munun fikrincə, sülhün yaradılması əməliyyatlarında regional təşkilatlar getdikcə mühüm rol oynayır. “Məsələn, Afrika Birliyi və BMT Darfur və Somalidə üsyançı Rəbbin Müqavimət Ordusunun yaratdığı təhlükəni aradan qaldırmaq üçün yaxından əməkdaşlıq edir. Bu cür tərəfdaşlıqlar BMT sülhməramlıların müasir beynəlxalq problemləri həll etmək, sülh və təhlükəsizliyi qorumaq üçün lazım olan elastikliyi təmin edir”.

Xatırladaq ki, Azərbaycan Ordusu da beynəlxalq sülhün yaradılmasında töhfələr verməkdədir. Belə ki, Kosovoda Azərbaycanın 34 sülhməramlı bölməsi, İraqda 150 hərbiçisi sülhyaratma əməliyyatlarında iştirak edib. Azərbaycan İraqda bir hərbiçisini itirib.

Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 90 azərbaycanlı sülhməramlısı xidmət edir.

XS
SM
MD
LG