Accessibility links

BMT: ABŞ silahlara nəzarət qanunlarını sərtləşdirməlidir


BMT-nin insan haqları üzrə baş komissarı Mişel Başele 31 nəfərin ölümü ilə nəticələnən qətl hadisələrini pisləyərək, ABŞ-ı bu kimi hücumlara yol verilməməsi üçün silahlarla bağlı qanunların sərtləşdirilməsinə çağırıb.

BMT xəbərdarlıq edib ki, ABŞ-da sinaqoqlar, məscidlər, kilsələr və LGBT üzvlərinə qarşı niftər zəminində cinayətlər artmaqdadır.

İnsanların və icmaların repressiyalar və hücumlara məruz qalma riski bizi narahat edir

Qurum hücumların irqcilik, ksenofobiya, qeyri-tolerantlıq, ayrı-seçkilik və ağlara üstünlük verilməsindən qaynaqlandığını bildirib.

BMT sözçüsü Ripert Kolvill deyib ki, rəsmilər Texas və Ohayoda baş verən insidentlərə zəmin yaradan neqativ stereotiplərə yol verilməməsinin məsuliyyətini daşıyır.

“Biz təkcə azlıqlar, miqrantlar, qaçqınlar, qadınlar, LGBT üzvləri və necə deyərlər, digərlərinə qarşı qeyri-insani və stiqmalaşdırılmış mesajlardan narahat deyilik, bu insanların və icmaların repressiyalar və hücumlara məruz qalma riski də bizi narahat edir” , Kolvill deyib.

BMT-nin insan haqları üzrə sabiq baş komissarı Zeid Raad Əl-Hüseyn 3 il əvvəl Florida ştatının Orlando şəhərinin gecə klubundan 49 nəfərin ölümünə səbəb olan hücumdan sonra Vaşinqonun silahları qadağan etməsinin və əlavə ölümlərə yol açılmaması üçün silahlara nəzarəti gücləndirilməsinin vacibliyini önə çəkmişdi.

Kolvill hazırkı baş komissar Başelenin sələfinin çağırışına qoşulduğunu bildirib.

Amerikanın Səsinə danışan sözçü deyib ki, odlu silahlarla hücumları əqli xəstəliklərlə əlaqələndirmək asandır. O, xəstəliyin faktor ola bildiyini istisna etməyib, lakin deyib ki, bu, bütün hallara şamil edilmir.

Kollvill bildirib ki, kor-koranə nifrətin zorakılıqlara yol açmasının bir çox səbəbi var.

O deyib ki, silahlara çıxış varsa, onlardan istifadə ehtimalı da var.

ABŞ-da 13 saat ərzində 32 nəfərin ölümü ilə nəticələnən qətl insidentlərinin motivləri araşdırılır.

ABŞ-ın Ohayo ştatının Deyton şəhərində silahlı hücum zamanı 9 nəfər ölüb, 16 adam yaralanıb. Polisin bildirdiyinə görə, hücumçu tək hərəkət edib.

Hücumçunun 24 yaşlı Konnor Betts olduğuna dair xəbərlər yayılıb. O, psixologiya fakültəsinin tələbəsidir.

Şənbə günü Texasın El Paso şəhərindəki Walmart mağazasında hücum zamanı 20 nəfər öldürülüb, 26 adam yaralanıb.

Bundan əvvəl ABŞ-ın Kaliforniya ştatında keçirilən sarımsaq festivalında kütləvi qətl hadisəsi baş verib. Hücumçunun açdığı güllə atəşi nəticəsində azı üç nəfər həyatını itirib.

XS
SM
MD
LG