Aprelin 26-da Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu açılıb. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak edir.
2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib.
Forumun açılış mərasimində prezident İlham Əliyev çıxış edib.
O bildirib ki, tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.
“Azərbaycan əsrlər boyu mədəniyyətlər və dinlərin kəsişməsində yerləşib. Əsrlər boyu dinlər, mədəniyyətlər Azərbaycanda inkişaf edib. Azərbaycanda hər zaman tolerantlıq, multikulturalizm mövcud olub. Ona görə də Azərbaycanda bütün etnik qruplar və dinlər bir arada yaşayır, yaradırlar. Bu, zənginliyimizdir, biz tariximizlə fərəhlənirik. Müxtəlif mədəniyyətlərin nümayəndələri Azərbaycanda yaşayıb, yaradıblar”.
Dövlət başçısı deyib ki, 743-cü ildə ən qədim məscidlərdən biri Şamaxıda tikilib.
“Ölkəmizdə qədim Alban kilsələri olub. Onlardan biri Şəkidədir. Bu gün ölkəmizdəki məscidlər, sinoqoqlar, katolik və pravoslav kilsələri təmir olunur və qorunur. Azərbaycan bu zənginlikləri qoruyub saxlayır. Bu da onu göstərir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir”.
Prezident Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, regional inkişafa töhfə verdiyini, müstəqillik illərində mühüm dövlət təsisatlarının formalaşdığını, bütün azadlıqların təmin edildiyini, siyasi və iqtisadi islahatların aparıldığını diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Əliyev Ermənistanın Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünü pozduğunu, Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyini deyib, Azərbaycan xalqının etnik təmizləməyə məruz qaldığını, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.
Dövlət başçısı deyib ki, müxtəlif məlumatlarda, o cümlədən ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında işğal altında olan ərazilərdə mədəni və dini abidələrin dağıdıldığı əksini tapıb.
“Ancaq Azərbaycanda erməni kilsəsi bərpa olunub. Beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir. Amma Ermənistan bu qətnamələrə məhəl qoymur. Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə saat, bir gün ərzində həyata keçirilir. Azərbaycana gəlincə, 20 ildən artıqdır, bu qətnamələr yerinə yetirilmir. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da belə qərarlar qəbul edib. Ancaq Ermənistan bunlara əməl etmir, işğalçıya heç bir beynəlxalq təzyiq də göstərilmir”.
Prezident bildirib ki, Xocalıda qətliam törədilib, 600-dan çox uşaq, qadın və qoca qətlə yetirilib.
“Münaqişənin həlli BMT-nin qətnamələrinə, Azərbaycanın ərazi bütövlüyünə, Helsinki Yekun Aktına əsaslanmalıdır", o qeyd edib.
Dövlət başçısı Azərbaycan ərazilərinin işğaldan azad olunacağını bəyan edib.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bildirib ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dünya xalqları arasında münasibətlərin möhkəmləndirilməsi yolunda mühüm addımdır.
Ali nümayəndə bildirib ki, alyans qütbləşmənin qarşısını almaqla daha təhlükəsiz dünyanın qurulmasına töhfə vermək üçün qurulmuş mexanizm rolunu oynayır.
“Bu ilin mövzusu inklüziv cəmiyyətlərdə birgə yaşama, çağırış və məqsəd mövzusudur. Davamlı inkişaf naminə sülhsevər və inklüziv cəmiyyətlər təşviq edilməlidir. Davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz. Gender bərabərsizliyi, gənclər arasında işsizlik insanları radikallığa sürükləyir. Təhlükəsizlik məsələlərinə birtərəfli diqqət nəticə vermir. Biz zorakı ekstremizm səbəblərinin aradan qaldırılmasına xüsusi diqqət yetirməliyik. Bir çox gənc ona görə ekstremizmə qoşulur ki, layiqli həyatdan məhrumdur. Biz daha yaxşı həyat düşüncəsinə dəstək olmalıyıq. Gənclərin səsi siyasi qərarların qəbul edilməsində eşidilməlidir. Gənclər inklüziv cəmiyyətlərin qurulmasında mühüm elementdir. Bütün bunların hamısı BMT-nin Sivilizasiyalar Alyansının mandatına daxildir. Biz BMT-nin digər qurumları ilə birlikdə zorakı ekstremizmə qarşı proqramın hazırlanmasında iştirak etmişik. Din və təhsil məsələlərinə bu aspektdə xüsusi diqqət yetiriləcək”.
O, dünya xalqlarını ədavət və etimadsızlığın təbliğinə qarşı çıxmağa çağırıb.
“Miqrantlar terrorçu təşkilatlar tərəfindən böyük risklə üzləşiblər. Miqrantlara fərqli münasibət olmamalıdır. Bütün bunlar son 10 ildə əldə edilmiş nailiyyətləri təhlükə altında qoyur. Səylərimizi artırmalıyıq, heç kim bu işdən kənarda qalmamalıdır. müharibə ilk öncə insanların başında başlayır. Sülhə aparan yol da insanların qəlbindən keçir. Ümid edirik ki, bu alyans insanların beyninə və qəlbinə yol açacaq ”.
BMT-nin baş katibi Pan Gi Mun video müraciətində hazırda dünyanın və insanların ciddi böhranlar dövrü yaşadığını deyib.
“Forumun ideyası - inklüziv cəmiyyətlərdə birgə yaşamaq, - mühüm ideyadır. Çünki ksenofobiya, irqçilik ciddi problemdir. Hamı üçün layiqli həyat şəraiti təmin edilməlidir. Ona görə də, forumun ideyasına tam dəstək verirəm. Gələn ay İstanbulda humanitar böhranla bağlı tədbir keçiriləcək. Mən sizi o tədbirə də dəstək verməyə çağırıram. Bir çox xalqlar öz yerlərindən didərgin düşüb. Biz bütün münaqişələri yaradan səbəblərin aradan qaldırılmasına çalışmalıyıq. BMT Baş Assambleyası zorakılığın aradan qaldırılmasında qətiyyətlidir”, o qeyd edib.
Baş katib etimad və anlaşmanı bütün dünyada artırmağın vacibliyini önə çəkib.
“Jurnalistləri də bu işə qoşmalıyıq”, Pan Gi Mun bildirib.
İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallo Bakının böyük İpək Yolu üzərində yerləşməklə əsrlər boyu ideyalar mübadiləsi və ticarət mərkəzi rolunu oynadığını deyib. O, əsrlər boyu Bakıda yerləşən karvansaraylardakı söhbətlərin dünyanın informasiya təminatıda mühüm yerini qeyd edib.
“Orta əsrlərdə İpək Yolu o dövrün interneti, Bakı isə onun ən mühüm qovşaqlarından biri idi”.
Naziri Marqallo deyib ki, alyans çox mühüm platformadır.
“Sivilizasiyaların müxtəlifliyi tərəqqi əldə edilməsində danılmaz gücdür. Ona görə də prinsipial mövqedən çıxış etməliyik. Bütün sivilizasiyalar dinlərə, mədəniyyətlərə qarşılıqlı hörmət əsasında inkişaf edə bilər. Biz qlobal şəkildə insan hüquqlarının təmin edilməsinə öz töhfəmizi verməliyik”.
M. Marqallo bildirib ki, terrorizmə qarşı mübarizədə sivilizasiyalararası platforma yaradılmalıdır.
“Terrorizm qurbanlarının əksəriyyəti müsəlmanlardır. Üzləşdiyimiz terrorizm o qədər nəhəngdir ki, bir bölgə təkbaşına bu fenomenə qarşı mübarizə apara bilməz. Dini və mədəni dialoq münaqişələrə son qoya bilər. Beləliklə də mədəni dialoqla münaqişələrin öncədən qarşısının alınmasına da diqqət yönəltməliyik. İspaniya Mərakeşlə birlikdə multikulturalizm tədbirləri həyata keçirib. Münaqişələrin qarşısının alınmasında qabaqlayıcı tədbir kimi mədəni tədbirlər diqqət mərkəzində olmalıdır. Terrorizmin qurbanlarının artmasının qarşısını da qabaqlayıcı tədbirlər almalıdır. İspaniya bu sahədə çoxsaylı tədbirlər təşkil edir. Amma buna baxmayaraq, bizim qət edəcəyimiz kifayət qədər böyük yol var”.
İspaniya xarici işlər naziri Tolerantlıq Komitəsini yaratmağı təklif edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, dünyanın müxtəlif yerlərində baş verən qanlı toqquşmalar və terror aktları birgə mübarizənin vacibliyini diqtə edir.
“Yeni nəsillərə daha gözəl gələcək qoymaq üçün səsimizi indidən yüksəltməliyik. Bu forumda iki gün ərzində veriləcək mesaj çox önəmlidir. Bu gün məsumların gözü Bakıdadır, burada qəbul ediləcək bəyannaməni gözləyirlər”.
Prezident tolerantlıq və dialoq hədəflərinə dəstək verən bütün dost ölkələrə təşəkkür edib.
“Ancaq hələ də alyansın hədəflərinə çatmaqdan çox uzağıq. İnsanların inancları, etnik mənsubiyyəti ilə bağlı ayrımçı düşüncələri hələ tam ortadan qaldıra, terrorizmə qarşı bizdən gözlənilən ortaq mücadiləni yetərli qədər ortaya qoya bilməmişik. Suriyada, Nigeriyada, Fransada, Belçikada, İspaniyada, Türkiyədə, Pakistanda ard-arda bombalar partlayarkən məqsədimizi ortaq fikrə, ideyaya çevirməyi bacarmadıq. Zorakılığın qarşısının alınması üçün dialoqu inkişaf etdirməyin zəruriliyini bütün dünyaya qəbul etdirə bilməmişik. Etnik və dini fərqliliyin təhdid deyil, zənginlik olduğu barədə anlayışı yaymağı bacarmamışıq”.
Onun fikrincə, dünyadakı təhlükəli gedişlərə son vermək lazımdır.
“Dini və etnik səbəblərlə qarşıdurmalar nəticəsində 60 milyondan çox insanın evindən didərgin düşdüyü dünyada yaşayırıq. Miqrantların bir qismi sularda boğulur, bir qismi getdikləri yerlərdə xoş qarşılanmır. İslam adına terror törədənlər ən böyük pisliyi müsəlmanlara qarşı törədirlər. Bu terror təşkilatlarının əli ilə qədim şəhərlər xarabalığa çevrilir, mədəniyyətlər məhv olur. Qərb ölkələrində bu səbəbdən müsəlmanlara mənfi baxış artır. Fərqli mədəniyyətə, dinə malik insanlar arasında uçurumların dərinləşməsi daha böyük fəlakətlərə aparır. Terrorun, terror təşkilatlarının dini, bölgəsi yoxdur. Məsum insanların həyatına qəsd etməyi heç bir din, vicdan qəbul etməz. Xüsusən, İslam ruhu mahiyyətcə sülh dinidir. Belə bir din terrora dəstək verərmi? Bizim dində terrora yer yoxdur. İŞİD və digər terror təşkilatlarının islamla heç bir əlaqəsi yoxdur. Ölənin Allahu-Əkbər, öldürənin də Allahu-Əkbər dediyi bir anlayış ola bilərmi?! Mədəniyyətlərarası İttifaq, ortaq səylərimizlə bu təhdidlərin qarşısını ala bilərik. İlk növbədə, məzhəbçiliyə qarşı mübarizə aparmalıyıq. İkincisi, irqçilik çox ciddi təhdid olaraq terrora zəmin yaradır. Məzhəbçilyə və irqçiliyə qarşı orta mübarizə apara bilməsək, terrorla uğurla mübarizə apara bilmərik. Bütün irqlərin nümayəndələrinə insan kimi baxmalı və qəbul etməliyik”.
Prezident Ərdoğan hesab edir ki, terrora qarşı qlobal ittifaq yaradılmalıdır. O, Türkiyənin 30 ildəjn çox müddətdə terrora qarşı mübarizə apardığını və terror nəticəsində 40 minədək insanını itirdiyini diqqətə çatdırıb.
“Qlobal ittifaq yarada bilməsək, terrorla uğurla mübarizə apara bilmərik. Suriyada terrorla başlayan proses daxili savaşa çevrilib. Suriyada əsl dövlət terroru var, insanları bombalayırlar. Suriyada dövlət terroruna yol verənlərin ayaqları altına qırmızı xalça sərənlər, onlara maddi yardım edənlər, silahlar verənlər məsuliyyət daşıyırlar. Egey və Aralıq dənizində ölümdən qurtardığımız insanların sayı yüz minə çatıb. Sadəcə, Suriya və İraqdan 3 milyona qədər insan Türkiyədədir. Gəlib bizə təşəkkür edirlər. Ancaq bal-bal deməklə ağız şirin olmaz. İndiyə qədər bu qaçqınlar üçün Türkiyə dövlət olaraq 10 milyard dollar xərcləyib. Bələdiyyələr və digər təşkilatların qaçqınlara yardımını da hesablasaq xərclərimiz 15 milyardı keçib. Biz yenə də sərhədlərimizi bombalardan qaçan insanların üzünə bağlamayacağıq”.
O, dünyada İslam dininə qarşı yönələn yanlış fikirlərin və təhdidlərin yolverilməz olduğunu, terror təşkilatlarını islamla əlaqələndirməyin qətiyyən doğru olmadığını bir daha bəyan edib.
Forum işini plenar və bölmə iclasları, BMT-nin Sivilizasiyalar Alyansının yüksək səviyyəli toplantısı ilə davam etdirir.
Forumla bağlı Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın Amerikanın Səsinə müsahibəsini təqdim edirik. Dövlət müşaviri dünayada Azərbaycanın tolerantlıq təcrübəsinin geniş yaılmaqda olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dinlərin, millətlərin dinc-yanaşı yaşamaq təcrübəsi geniş təbliğ edilir.
“Azərbaycanın multikulturalizm təcrübəsi dünyanın 13 aparıcı universitetində tədris edilir”, o qeyd edib.