Accessibility links

Boeing şirkəti İndoneziya və Efiopiyada hakimiyyət və qeyri-kommersiya təşkilatlarına 100 milyon dollar ayırır


ABŞ-ın Boeing şirkəti İndoneziya və Efiopiyada hakimiyyət və qeyri-kommersiya təşkilatlarına 100 milyon dollar ayıracağını bildirib. Məqsəd bu ölkələrdə iki 737 MAX təyyarə qəzasının ziyan vurduğu ailələrə və icmalara kömək etməkdir. Həmin qəzalarda 346 nəfər həlak olub.

Dünyada ən böyük təyyarə istehsalçısı olan şirkətin bildirdiyinə görə, bu ödəniş ölənlərin ailələrinin Boeing-ə qarşı qaldırdığı məhkəmə iddialarının nəticələrindən asılı deyil.

Vəsait təhsil və yaşam xərclərinin qarşılanması, qəzanın ziyan vurduğu icmaların iqtisadi inkişafının stimullaşdırılmasına ayrılır, şirkət bildirir.

100 milyon dollar bir ədəd 737 MAX təyyarəsinin dəyərindən azdır. Hal-hazırda ABŞ-ın Ədliyyə Nazirliyi Boeing ilə bağlı təhqiqat aparır. İstintaq 737 MAX-ın istehsalını, nəzarət orqanlarının yoxlamaları necə aparmasını, qurbanların ailələrinin qaldırdığı 100-dən artıq məhkəmə iddiasını əhatələyir.

İndoneziyanın Lion Air aviaşirkətinə məxsus təyyarə oktyabrda qəzaya uğrayandan sonra Boeing MCAS avtomatik idarə sisteminin proqram təminatını təkmilləşdirməyə başlayıb. Şirkətin yüksək rütbəli rəsmisi MCAS-ın hər iki qəzada həlledici rol oynadığını etiraf etmişdi.

Boeing-in yayın əvvəlinədək proqram təminatındakı qüsurları aradan qaldıracağı güman edilirdi. Ancaq iyunda yeni bir qüsur ortaya çıxdı. Bu səbəbdən laynerin istismara qaytarılması azından oktyabrın sonunadək çəkə bilər.

Hazırda Boeing İndoneziya və Efiopiyada qəza qurbanlarının ailələri ilə danışıqlar aparır. Ancaq bəzi ailələr məhkəmə vasitəsilə daha böyük məbləğdə kompensasiya əldə etməyi üstün tutur.

Bu iki qəzaya qədər Boeing ABŞ-dan kənarda aviaqəzalarda həlak olanların ailələrinin Amerika məhkəmələri vasitəsilə kompensasiya əldə etmək cəhdlərini dəf edə bilib.

XS
SM
MD
LG