Son iki ildə aparılan çoxmillətli əməliyyatlar Nigeriya ilə Niger arasında, eləcə də Çad gölü ətrafındakı adalarda məskunlaşan Boko-Haram yaraqlı qrupunu zəiflədib.
Keçən ilin dekabr ayında Diffa şəhərində Boko-Haramın təslim olan döyüşçüləri və onların ailələri üçün düşərgə açıldı. Əgər əsgərlər tərəfindən güclü mühafizə edilməsəydi və divarlarının üstündə dəmir məftillər olmasaydı, bu binaya fikir verən olmazdı. Bura, Boko-Haramın sabiq döyüşçülərinin keçid düşərgəsidir.
Çoxu de-radikallaşmış sabiq yaraqlı və onların arvad-uşağı olmaqla, bu binada 150-yə qədər insan yaşayır. Bu mərkəz 2016-cı ilin dekabrında açılıb. Buradakı bəzi üzlər qorxulu görünsə də, burada yaraqlı olmayan yeniyetmələri də görmək olur.
İbrahim onlardan biridir. Boko-Haram onu 12 yaşında ikən oğurlayıb. Qaçmazdan əvvəl o, iki il quran oxumağı öyrənib. “Cümə günü idi. Atam mənə dedi ki, get tarlaya, mən də namazdan sonra gələcəyəm. İki nəfər motosikletlə gəlib məni apardı. Onlar mənə cinayətkar ola biləcəyimi dedi” deyə, İbrahim bildirir.
Niger rəsmiləri Boko-Haramla yalnız hərbi yolla mübarizənin kifayət etmədiyini, döyüşçülərın cəmiyyətə reinterqrasiya olmalı olduğunu deyirlər.
Qubernator Dan Dino Mahamadu Lavalinin dediyinə görə, böyük deradikalizasiya mərkəzlərindən biri də bu yaxınlarda Qudumaria şəhərində açılacaq. “Niger hökuməti bu mərkəzləri öz pulu ilə maliyyələşdirir. Biz çox iş görmüşük. Burada yataqxana və administrasiya da olacaq. Biz onları yalnız deradikalizasiya etmirik, biz onlara iş veririk. Çünki onlar Boko-Harama kasıb olduqları üçün qoşulur.”
Bu düşərgənin sakinləri yaxın zamanda yeni düşərgəyə köçürüləcək. Lakin bəziləri azad yaşamaq istəyərdi.
Fatimə İbrahimin 20 yaşı var. Boko-Haram onu 4 il əvvəl, Nigeriyanın Maiduquri şəhəri yaxınlığında oğurlamışdı “Ümid edirəm Nigeriyaya tezliklə qayıdacağam. Mən Boko-Haram döyüşçüsünə ərə verilmək üçün oğurlanmışdım. Valideynlərim mənim harada olduğumu bilmir.”
Amerikanın Səsinə müsahibə verən bir çox döyüşçü Boko-Haramın pis əməllər törətdiyini ya tamamilə danıb, ya da minimuma endirir. Malam Boçar Adəm Boko-Harama qoşulmazdan əvvəl müəllim olub. O, bu yaraqlı təşkilatda həkim kimi işlədiyini deyir. “Mən təşkilatı daxildəki gərginliyə görə tərk etdim. Seko yaraqlıları və Məmman Nur ideologiya səbəbindən dəfələrlə dava edirdilər. İslam sülh dinidir və yaxşı müsəlman insan öldürməz.”
Boko-Haramın sabiq döyüşçüləri təşkilatın zəif olduğunu, lakin yaraqlıların yaydığı ideologiyanın aradan qaldırılmasının illərlə vaxt apara bilərcəyini deyirlər.