Cümə axşamı yayımlanan hesabatda Amerika Dövlətləri Təşkilatı (ADT) Boliviya seçkilərini keçmiş Prezident Evo Moralesin lehinə nəticələndirilməsi üçün atılan "məqsədli" və "zərərli" addımlarla bağlı "həddindən artıq çox dəlil" əldə etdiyini bildirib.
ADT bildirib ki, 20 oktyabr seçkiləri zamanı "məntəqələrdə iradəni dəyişdirməyə yönəlmiş bir sıra zərərli əməliyyatlar" keçirilib.
Prezident vəzifəsini müvəqqəti icra edən Canin Anez bildirib:
“Dünən gecə 20 oktyabr seçkilərinin saxtalaşdırılması ilə bağlı ADT-nin yekun audit hesabatını aldım. Təsdiq edə bilərəm ki, Evo Morales hökumətinin boliviyalılar hesabına məzələnməkdə problemi olmayıb. Bu hesabat çox mükəmməldir. Hesabatda MAS (Morales'in siyasi partiyası) hökumətinin bu ciddi saxtakarlığa yol vermək üçün dövlətin səlahiyyətləri ilə korrupsiya şəbəkəsindən necə istifadə etdiyini dəqiqliklə təsvir edir. "
Təxminən 100 səhifəlik hesabatda gizli kompüter serverindən istifadə də daxil olmaqla, bir neçə qanun pozuntusu əksini tapıb.
“Amerika Dövlətləri Təşkilatının aşkar etdikləri qorxuncdur. İlkin nəticələr üçün sistem qəsdən və iarbitrar şəkildə dayandırılıb, icazəsiz serverlərə məlumat axını üçün kompüter sisteminə nüfuz etməyə icazə verilib. Məlumatların manipulyasiyasını asanlaşdırmaq üçün yaradılan paralel və nəzarətsiz bir sistemin konfiqurasiyası barədə yalan danışılıb. Bu sahədə qanun pozuntuları aşkar edilib" - deyə, Canin Anez bildirib
Seçkilərin ilkin nəticələri Moralesə qələbə qazandırıb. Eyni zamanda onu noyabrın 10-da istefa verərək Meksikaya qaçmağa məcbur edən etiraz dalğasına səbəb olub.
Noyabrın sonlarında Boliviya mübahisəli seçkiləri ləğv edib və Morales olmadan yeni səsverməyə yol açan qanun qəbul edib. Səsvermənin tarix hələ təyin olunmayıb.