Accessibility links

Təzyiqlərə məruz qalan Boliviya prezidenti istefa verdi


Boliviya prezidenti Evo Morales keçən ay keçirilən seçkilərdəki "qanun pozuntuları" ətrafında həftələrlə davam edən etirazlardan sonra bazar günü televiziya çıxışı zamanı istefa etdiyini açıqlayıb.

Günün əvvəlində Amerika Dövlətləri Təşkilatı (ADT) Moralesin cüzi fərqlə qələbə qazandığı 20 oktyabr seçkilərinin yoxlanışının nəticələrini açıqladıqdan sonra o, növbədənkənar seçkilər keçirməyə razı olub. ADT araşdırdığı təxminən hər sahədə pozuntular aşkar edib.

Ancaq bir neçə saat sonra Boliviyanın hərbi komandanı general Vilyams Kaliman yeni bir seçkinin keçirilməsinin kifayət etmədiyini söyləyib. "Daxili qarşıdurma vəziyyətini təhlil etdikdən sonra Boliviyanın yaxşılığı üçün barışığın və sabitliyin bərqərar olmasına imkan verən prezidentdən istefa etməsini xahiş edirik" , o deyib.

Kaliman və ADT-nin verdiyi açıqlamalar bir sıra yüksək vəzifəli nazirlərin, eyni zamanda Ali Seçki Tribunalının rəhbərliyinin istefasına səbəb olub.

ABŞ yeni səsvermə keçirilməsi qərarını alqışlayıb.

ABŞ-ın dövlət katibi Mayk Pompeo "Amerika Dövlətləri Təşkilatının xalqın iradəsini təmsil edən #Boliviyada yeni seçkilərin keçirilməsi tövsiyəsinə tam dəstək. Seçki sisteminin etibarlılığı bərpa edilməlidir" , Pompeo Twitter hesabında yazıb.

Dördüncü dönəm prezidentlik vəzifəsini icra edən Morales əvvəllər seçilməsi ətrafındakı etirazları çevriliş adlandırmışdı.

Uzun müddət prezident olan Morales yeni seçkilərdə bir daha iştirak edib-etməyəcəyinə dair məlumat verməyib. Bazar günü istefasını elan etməsinə baxmayaraq, müxalifət liderləri onu hələ də istefaya çağırmağa davam edir.

Latın Amerikasının ən uzunmüddətli liderinə seçkilərin ikinci mərhələsindən yayınmaq və dördüncü dönəm prezidentliyi təmin etmək üçün 10 faizlik üstünlük lazım idi.

Seçkidən sonra açıqlanan ilkin nəticələr Moralesin əsas rəqibi, keçmiş prezident Karlos Mesaya qarşı dekabrda seçki keçirilməsi ilə üzləşəcəyini proqnozlaşdırıb.

Yalnız 24 saatdan az bir müddət sonra seçki komissiyası səslərin 95%-ini hesablayaraq yeni göstəriciləri aıqlayıb. Moralesin rəqibini cəmi 0,7% səslə üstələdiyi məlum olub.

Seçkilərin nəticələri müxaliflərin saxtakarlıq şikayətlərinə və bir neçə şəhərdə güclü etirazlara səbəb olub.

XS
SM
MD
LG