“2017-cı ilin 12 ayı ərzində respublikanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirilməklə, ümumilikdə 92 843 672 kv.m (9 284.37 ha) ərazi təmizlənib, 35 117 ədəd partlamamış hərbi sursat (PHS), 204 ədəd tank əleyhinə mina (TƏM) və 35 ədəd piyada əleyhinə mina (PƏM) aşkar edilib”. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 2017-ci ilin 12 aylıq fəaliyyətinə dair məlumatında deyilir.
Agentlik bildirir ki, il ərzində ümumilikdə 35 356 ədəd mina və partlamamış hərbi sursatzərərsizləşdirilib.
“NATO-Azərbaycan əməkdaşlığı çərçivəsində Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı üzrə 2012-ci ildə start verilən Ceyrançöl layihəsi üzrə 2017-cı ilin 12 ayı ərzində Ağstafa rayonunun Ceyrançöl (Bakıdan 460 kilometr qərb) ərazisində 4 923 273 kv. m (492.33 ha) ərazi təmizlənib, 211 ədəd PHS, 601 ədəd təlim məqsədli sursatlar tapılaraq məhvetmə üsulu ilə zərərsizləşdirilib.
Məlumatda deyilir ki, 27 avqust 2017-ci ildə Xızı rayonu ərazisində (Bakıdan 70 kilometr şimal) yerləşən keçmiş Sovet dövründən qalmış hərbi hissənin silah-sursat anbarında partlayış baş verib.
“Partlayışdan sonra agentliyin 195 nəfər şəxsi heyəti həmin ərazidə təmizləmə əməliyyatlarına cəlb olunub. İndiyədək, 108 gün ərzində həyata keçirilən təmizləmə əməliyyatı zamanı 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərinin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib, 24 341 ədəd partlamamış hərbi sursat (PHS), 16 061 ədəd partlamış-yanmış sursat qalıqları və 91 783 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 77 519 669 kv.m (7 752 ha) ərazi yoxlanılıb”.
Agentlik bildirir ki, hazırdaXızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. Ərazidə əməliyyatlar davam etdirilir.