Accessibility links

Bostonda nümayişlərdən sonra 27 nəfər həbs edilib


Boston şəhərində şənbə günü etiraz nümayişlərindən sonra polis 27 nəfəri həbs edib. Nümayişlərdə təxminən 40 mindən çox insanın iştirak etdiyi bildirilir.

Polis komissarı Vilyam Evans deyib ki, həsb edilən 27 nəfərə qarşı hücum və polisə müqavimət göstərmək ittihamları irəli sürülüb. Komissarın bildirdiyinə görə, üç nəfər ballistik gödəkçə geyinib, bir nəfər isə silahlı olub.

Həbslər ifadə azadlığı şüarı altında yürüşün sona çatması və onlara etiraz olaraq keçirilən nümayiş iştirakçılarının dağılışıb, Bostonun mərkəzindəki küçələrə axışmasından sonra edilib.

Minlərlə solçu fəalın keçirdiyi nümayişdə iştirak edənlərin sayı ifadə azadlığı şüarı altında yürüş keçirən sağçılardan qat-qat artıq olub. Yürüş Boston Free Speech adlanan qrup tərəfindən iyul ayında planlaşdırılıb.

Tədbirin təşkilatçılarından biri olan Con Medlar kütləvi informasiya vasitələrinə deyib ki, yürüşdə ağ supremasistlərin iştirakı alqışlanmayacaq. O, eyni zamanda, KuKlusKlan-KKK kimi irqçi qrupları qınayıb.

Boston şəhər polisi əks qrupların keçirdiyi yürüşlərdə keçən həftə Virciniya ştatının Şarlotsvill şəhərində ölümlə nəticələnmiş zorakılıqlara yol verilməməsi məqsədilə əvvəlcədən plan hazırlayıb.

Yürüşlər zamanı zorakılıqlar barədə məlumat verilməyib.

Nümayişlərdən öncə Boston şəhərinin meri Malti Uolş 500 nəfər polis zabitinin şəhərdə asayişi qoruduğunu deyib.

XS
SM
MD
LG