Olimpiya məşəli Braziliyanın paytaxtı Brazilia şəhərinə gətirilib.
Məşəli gətirən isə Braziliyanın Olimpiya Komitəsinin prezidenti Karlos Artur Nuzman olub.
O, paytaxt Braziliyanın qubernatoru Rodriqo Rollemberq və idman naziri Rikardo Leyser, habelə digər Braziliya rəsmiləri tərəfindən qarşılanıb.
Prezident Dilma Russef məşəli Planalto prezident sarayında təhvil alacaq və daha sonra ölkə boyu gəzdirilməsi üçün onu yandıracaq.
Associated Press xəbər verir ki, məşəl bir sıra məşəlçilər tərəfindən bütün ölkə boyu gəzəcək.
İlk məşəlçi Fabiana Klaudino olacaq. O, 2008 və 2012-ci Olimpiya Oyunlarında Braziliyanın qadın voleybolu üzrə qızıl medal qazanmasına səbəb olub. Bu dəfə isə o, komandanın kapitanı olacaq.
Daha sonra isə məşəli riyaziyyatçı Artur Avila Kordeiro de Melo daşıyacaq. Hər məşəlçi məşəllə 200 metr qaçacaq.
Cənubi Amerikada avqustun 5-dən 21-dək davam edəcək ilk Olimpiya Oyunlarına hazırlıqlar zamanı bir sıra problemlər üzə çıxıb və təşkilatçılar nağd pul çatışmazlığı ilə üzləşirlər, çünki ölkə illərdən bəri ən pis iqtisadi tənəzzülünü yaşayır.