Britaniya Baş Naziri Boris Consonun cümə günü Bukinqem Sarayına gedib Kraliçadan yeni hökumət qurulması üçün icazə alması gözlənilir.
Conson söyləyib ki, seçicilər Britaniyanı Avropa Birliyindən çıxarmaq üçün Mühafizəkarlar Partiyasına "güclü yeni bir mandat" verib.
1980-ci illərdən bəri ən böyük mühafizəkar çoxluğun əldə edilməsində iştirak edən hər kəsi təbrik etmək istəyirəm.
Conson sevincli çıxışında partiya tərəfdarlarına ölkənin Avropa Birliyini yanvarın 31-dək tərk edəcəyini bildirib.
O, çıxış zamanı söyləyib:
"Aradakı maneələri qaldırdıq. Çıxılmaz vəziyyətdən qurtulduq. Yolumuzdakı çətinlikləri aradan qaldırdıq. Və bu şərəfli, şanlı səhər yeməyindən əvvəl, yeni bir günün və yeni bir hökumətin qalxmasından əvvəl, ilk növbədə seçkilərdə heç bir günahı olmadan yerlərini itirən yaxşı həmkarlara təşəkkür etmək və əlbəttə ki, 1980-ci illərdən bəri ən böyük mühafizəkar çoxluğun əldə edilməsində iştirak edən hər kəsi təbrik etmək istəyirəm.”
Conson həmçinin hökumətinin Birləşmiş Krallığın hər bölgəsini təmsil edəcəyini söyləyib.
Cümə günü açıqlanan ilkin nəticələrə əsasən mühafizəkarlar koalisiyası 650 yerdən ən azı 364-ü asanlıqla qazanıb. Bu, hökumətin böyük əksəriyyətini təşkil edir.
Baş Nazir Boris Conson öz seçki kampaniyasını “Brexiti Həll Edək” şüarı üzərində qurmuşdu. O vəd etmişdi ki, mənsub olduğu Mühafizəkarlar Partiyasının parlamentdə çoxluq əldə etməsi ona daha öncə rədd edilmiş Avropa İttifaqı ilə ayrılıq sazişini qəbul etdirməyə və Brexiti yanvarın 31-dək həyata keçirməyə imkan verəcək.
Onun rəqibi, Leyboristlər Partiyasının lideri Ceremi Korbin demişdi ki, əgər o, qalib gəlsə, Britaniyada insanların hələ də Avropa İttifaqından ayrılmaq istəyib-istəmədiklərini öyrənmək üçün yeni referendum keçiriləcək.
Boris Conson sələfi Tereza Meyin dəfələrlə parlamenti Avropa İttifaqı ilə əldə etdiyi razılığı qəbul etdirməyə nail olmaması nəticəsində hakimiyyətə gəlib.
Mey həmçinin vəzifə müddətində Brexit danışıqlarında mövqeyini gücləndirmək üçün erkən seçkilərin keçirilməsinə çağırmışdı, lakin onun bu addımı nəticəsində Mühafizəkarlar Partiyası parlamentdə bir neçə yer itirmişdi.