Britaniya kralı Çarlz krallığın monarxı olaraq ilk dəfə bazar ertəsi parlamentin hər iki palatası qarşısında çıxış edib.
Çarlz bu qısa müraciətini Londonun Vestminster zalında təxminən 1000 millət vəkilinə və onların qonaqlarına qanunvericilərin onun anası kraliça Elizabetin vəfatı ilə bağlı başsağlığı verməsindən sonra edib.
Çarlz və həyat yoldaşı, kraliça Kamilla bazar ertəsi kraliça Elizabetin tabutunu Britaniya monarxının Şotlandiyadakı rəsmi iqamətgahı Holirudhous Sarayından müqəddəs Giles kilsəsinə aparmaq üçün Edinburqa gedib.
Xalqın ona ehtiramını bildirməsi üçün Elizabetin cənazəsi kilsəyə qoyulacaq.
Cümə axşamı vəfat edən kraliçanın tabutu bazar günü Balmoral qəsrindən Edinburqa aparılıb.
Krallığın məmurları və təhlükəsizlik işçilərinin müşayiəti ilə cənazəni daşıyan maşın Balmoral qəsrini bazar günü günortadan bir az əvvəl tərk edib.
Karvan yavaş-yavaş mərhum kraliçanın sevdiyi və həyatının son həftələrini keçirdiyi əzəmətli Şotlandiya təpələrinin arasından keçib. Keçən illərdə kraliça Balmoral qəsrində yaşayarkən çox sevdiyi bu ucqar Şotlandiya kəndlərinə tez-tez baş çəkərdi və o da orada çox sevilərdi.
Sakinlər onu son dəfə görmək və vidalaşmaq üçün yol kənarına toplaşdı. Sükut onun ölümü ilə bağlı sarsıntı və mərhum kraliçanın Britaniyadakı icmalara olan hörmətdən danışırdı.
Cənazə konvoyu keçərkən bəzi izləyənlər gül atır, çoxları göz yaşı tökürdü. Konvoy cənuba doğru irəliləyərkən zərif alqış sədaları eşidildi.
Dəfn mərasimi sentyabrın 19-da Vestminster abbatlığında keçiriləcək. Daha sonra tabut kraliçanın həyat yoldaşı, şahzadə Filipin 2021-ci ilin aprelində torpağa tapşırıldığı Vindsor şəhərinə aparılacaq.