Accessibility links

Britaniyadan ABŞ-a gələn sərnişinlərdən COVID-19 testindən keçmələri tələb olunur


Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) cümə axşamı bildirib ki, Britaniyadan Birləşmiş Ştatlara gələn sərnişinlərdən uçuşdan əvvəl COVID-19 testindən keçməsi tələb olunacaq.

Britaniya və digər ölkələrdə yayılan koronavirusun yeni bir variantı aşkar edildiyi üçün ABŞ yeni səyahət məhdudiyyətlərini elan edən son ölkədir.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasında deyilir ki, Birləşmiş Krallıqdan gələn hava yolları sərnişinləri üç gün ərzində mənfi COVID-19 testlərini almalı və nəticələrini hava yolları şirkətlərinə təqdim etməlidirlər. Agentlik əmrin cümə günü imzalanacağını və bazar ertəsi günü qüvvəyə minəcəyini bildirib.

"Hansısa sərnişin testdən keçmək istəməzsə, hava yolu şirkəti sərnişinə təyyarəyə minməyə icazə verməyəcək" - deyə, CDC-nin açıqlamasında bildirilib.

Agentlik eləcə də mart ayından bəri tətbiq olunan səyahət məhdudiyyətlərinə görə, Birləşmiş Krallıqdan ABŞ-a hava səyahətlərinin 90% azaldığını deyib.

Keçən həftə sonu Britaniyanın baş naziri Boris Conson koronavirusun yeni variantının əvvəlkindən daha tez yayıldığını və Britaniyada sürətlə irəlilədiyini deyib. Lakin Conson koronavirusun bu variantının daha ölümcül və ya daha ağır olduğu barədə heç bir dəlil olmadığını deyib.

Bu həftə Nyu York qubernatoru Endryu Kuomo Britaniyadan Nyu-Yorka uçan hava yollarından təyyarəyə minmədən əvvəl bütün sərnişinlərin COVID-19 testindən keçməsini istəyib.

Üç hava yolları şirkəti - Virgin Atlantic, British Airways və Delta Airlines qubernator Kuomonun tələbini qəbul edib.

Virusun yeni variantı barədə məlumatın açıqlanmasından bəri Britaniya ciddi təzyiq altındadır. 40-dan artıq ölkə Britniyaya səyahət qadağaları qoyub və bu ölkə getdikcə təcrid olunur.

XS
SM
MD
LG