Britaniya kraliçası Elizabet brilyant yubileyin sonuncu günündə Londonda düzənlənən şükranlıq mərasimində iştirak edib.
Minlərlə londonlu küçə boyu düzlənərək əllərində Britaniya bayraqları yelləmiş və Bakinqham Sarayından Müqəddəs Paul Kafedralına gedən 86 yaşlı monarxı alqışlamışlar. Kafedralda oğlu şahzadə Çarlz və nəvələri Vilyam və Harriyə qatılan kraliça Elizabet dini mərasimdə iştirak edib.
Amma kraliçanı 64 il həyat yoldaşı olmuş Şahzadə Filip müşayiət etməyib. Belə ki, bazar ertəsi sidik kisəsində yaranan problemə görə Şahzadə xəstəxanaya aparılıb.
Şükranlıq mərasiminə Kanterbörinin Arxyepiskopu Rovan Vilyams rəhbərlik edib.