Accessibility links

Britaniya polisi Mançester bomba hücumu ilə əlaqədar 3 nəfəri həbs edib


Britaniya polisi Mançester şəhərində konsert zamanı çox sayda insanın ölümülə nəticələnmiş bomba hücumu ilə əlaqədar daha 3 nəfəri həbs etdiyini bildirib.

Mançester polis idarəsinin açıqladığı bəyanatda yalnız həbslərin Cənubi Mançesterdə axtarışlardan sonra edildiyi bildirilib, lakin başqa detallar açıqlanmayıb. Bu üç nəfərin və 23 yaşında dördüncü şübhəli şəxsin hücumla necə əlaqəsi olduğuna dair heç bir məlumat verilməyib.

Britaniyanın daxili işlər naziri Amber Rudd bildirib ki, şəxsiyyəti 23 yaşında Salman Abedi kimi müəyyən edilən intiharçı bomba hücumçusu Britaniya kəşfiyyat xidmətlərinə partlayışdan öncə də “məlum” olub.

O, BBC-yə müsahibəsində həmçinin deyib ki, onun təkbaşına hərəkət etmədiyi mümkündür.

Təhqiqatçılar bazar ertəsi günü baş vermiş partlayışı törədən bomba hücumçusunun qrup tərkibində fəaliyyət göstərib-göstərmədiyini müəyyən etməyə çalışır.

Anti-Terror polisinin rəisi Mark Rouli təhqiqatın gedişində inkişafın olduğunu qeyd edib. Lakin o bildirib ki, rəsmilər hələlik Abedinin təkbaşına hərəkət edib-etmədiyini təsdiq edə bilmir.

Partlayış 21 min nəfərlik Mançester Arena konsert zalında amerikalı pop müğənni Ariana Qrandenin konsertinin sonunda baş verib.

Bomba hücumuna görə məsuliyyəti İslam Dövləti qrupu öz üzərinə götürüb. Hücum nəticəsində 22 nəfər həyatını itirib, 59 nəfər yaralanıb.

Britaniyada terror təhlükəsinin səviyyəsi son on ildə ilk dəfə ağırdan kəskin həddə qaldırılıb.

XS
SM
MD
LG