COVID-19-dan sonrakı iqtisadiyyatı planlaşdırmağa başlamağın çox erkən olmadığını deyən Britaniyanın baş naziri Boris Conson ölkənin təhsil sisteminə 17 milyard dollardan çox və infrastruktura isə 6,13 milyard dollar sərmayə qoyacağına söz verib.
Britaniyanın mərkəzindəki Dudley Texnologiya Kollecindəki nitqində Conson ölkənin və dünyanın başqa yerlərindəki virusun artması fonunda koronavirusdan sonrakı dövrü müzakirə etməyin hələ erkən görünə biləcəyini etiraf edib. Lakin o, britaniyalıların "bu böhranın əsiri" olaraq qala bilməyəcəyini vurğulayıb.
Öz planını sabiq ABŞ Prezidenti Franklin D. Ruzveltin ABŞ-ı Böyük Depressiyadan çıxartmaq üçün hazırladığı 1930-cu illərdəki "Yeni Sövdələşmə" proqramlarını müqayisə edərək, Conson "qurmaq, qurmaq, qurmaq" və yeni məktəblər, xəstəxanalar və yolların təmiri üçün hökumət planlarını sürətləndirmək vədini verib.
Conson İngiltərədə 40 yeni xəstəxana inşa etmək təşəbbüsünü yeniləyib. Səhiyyə naziri Met Hankok yaxın günlərdə yeni binaların siyahısını hazırlayıb. O, həmçinin Milli Səhiyyə Xidməti üçün maliyyələşdirməni davam etdirməyə, artırmağa və "son 30 ildə hər bir hökuməti təngə gətirən sosial qayğı problemlərini həll edəcəyinə" söz verib.
COVİD-19 pandemiyasından qaynaqlanan iqtisadi böhrana toxunan Conson "İnsanların işlərindən və bizneslərindən narahat olduqlarını bildiyimiz üçün sürətli işləməliyik" fikrini səsləndirib.
Conson COVİD-dən sonrakı iqtisadiyyatdan bəhs etdiyi bir vaxtda pandemiya Britaniyanın Lester şəhərində yenidən sıçrayış edib. Burada hökumətin məhdudiyyətləri yumşaltmasından iki həftə sonra artan yoluxma halları şəhərin bütün məktəblərinin və zəruri olmayan mağazalarının yenidən bağlanması ilə nəticələnib.