Accessibility links

Britaniyada konsert arenasında partlayış baş verib


Britaniya polisi bildirir ki, bazar ertəsi Mançesterdə keçirilən konsertdə baş verən partlayış nəticəsində azı 22 nəfər ölüb, 59 nəfər yaralanıb.

Partlayış amerikalı müğənni Ariana Qrandenin konsertindən bir neçə dəqiqə sonra baş verib.

“Biz hadisəni terror olaraq qiymətləndiririk və hücumun bir nəfər tərəfindən həyata keçirildiyinə inanırıq”, deyə Mançester polisinin rəisi İan Hopkins bildirib.

Hopkins deyib ki, müstəntiqlər hücumçunun üzərində partlayıcı qurğu daşıdığını və onu partladandan sonra hadisə yerində öldüyünü bildirib.

Baş nazir Teresa Mey polis və təhlükəsizlik rəsmilərinin hücumçunun şəxsiyyətini müəyyən etdiyini, lakin hələ ictimaiyyətə açıqlamağa hazır olmadıqlarını bildirib. O həmçinin qeyd edib ki, xəstəxanalarda olan yaralıların çoxunun vəziyyəti kritikdir.

Polis departamenti daha sonra Tvitter hesabı vasitəsilə bildirib ki, polis işçiləri Cənubi Mançesterdə hücumla bağlı 23 yaşlı bir kişini həbs edib, lakin onun hücumla necə əlaqəsi olduğu açıqlamayıb.

Partlayış amerikalı pop ulduz Ariana Qrandenin konsertininin sonunda Mançester Arenasında baş verib.

Mey deyib ki, partlayış “maksimum sayda insanı hədəf almaq” üçün planlaşdırılıb və “cəmiyyətimizin gənc insanlarını hədəf alıb”.

Mey və Leyboristlər partiyasının lideri Ceyms Korbin iyunun 8-də keçiriləcək seçkiöncəsi kampaniyalarını təxirə salıblar.

ABŞ dövlət departamenti Mançesterdə vəziyyətə nəzarət etdiklərini bildirib və ABŞ-dakı konsert məkanları üçün heç bir “spesifik təhlükənin” olmadığını vurğulayıb.

Hücumdan sonra Mançester polisi hadisə yerinə yüzlərlə polis işçisi göndərib. Onlar konsert arenası yaxınlığında şübhəli əşyanı ehtiyatlı bir şəkildə partladıb, lakin həmin əşyanın bomba olmadığı ortaya çıxıb.

Konsert arenasında çəkilən video görüntülərdə konsert iştirakçılarının qışqıraraq binadan qaçmağa çalışdığı göstərilir.

Hadisə nəticəsində konsert salonunun yaxınlığında tıxaclar yaranıb, metro xidməti dayandırılıb.

Konsert iştirakçılarının bəziləri zalı üzərlərində qan izləri ilə tərk ediblər.

İştirakçıların əksəriyyəti Qrandenin gənc qız pərəstişkarları olub.
Qrandenin sözçüsü onun xəsarət almadığını deyib. Bəzi şahidlər patlayışların sayının bir olduğunu, digərləri isə iki partlayış səsi eşidildiyini bildirib.

XS
SM
MD
LG