Britaniyanın daxili işlər naziri Amber Rudd deyib ki, müstəntiqlər Rusiyanın keçmiş agentini əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddə ilə zəhərləyənləri müəyyən etsələr, rəsmilər cavab tədbiri görmək üçün plan hazırlayacaq.
Rudd həmçinin deyir ki, hücum zamanı həmin kimyəvi maddənin təsirinə məruz qalan polis zabitinin vəziyyəti ciddidir, amma onun huşu yerindədir və danışa bilir.
Britaniya hökumətinin təcili hallar komitəsi bundan öncə Sergey Skripal və onun 33 yaşlı qızının zəhərlənməsi ilə bağlı insidentlə əlaqədar çərşənbə günü yeni məlumatlar təqdim edib.
“Bu insident əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddədən istifadə edilməklə sui-qəsd cəhdi kimi təhqiq edilir”, polisin əks-terror şöbəsinin komissarının müavini Mark Roli bildirib. O deyib ki, Skripal və onun qızının vəziyyəti ağır olaraq qalır.
Rouli hansı kimyəvi maddədən istifadə edildiyi ilə bağlı məlumat verməyib.
Bu insident əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddədən istifadə edilməklə sui-qəsd cəhdi kimi təhqiq edilir.Mark Rouli
Skripal və onun qızı Yuliya keçən bazar günü Britaniyanın cənubunda yerləşən Salsbury şəhərindəki parkda huşlarını itirmiş vəziyyətdə tapılıblar.
İnsidentin ardınca Britaniya qanunvericiləri ölkədə son illər Rusiya kəşfiyyat agentlikləri ilə bağlı olduğu mümkün olan şübhəli ölüm hallarının təcili təhqiq edilməsi haqda çağırışlar edib.
Britaniyanın xarici işlər naziri Boris Conson çərşənbə axşamı günü Kremln insidentə görə məsuliyyət daşıdığı aşkar edilsə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi ilə hədələyib.
Onun bu açıqlamaları Rusiyanın Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən tənqidlə qarşılanıb.