Accessibility links

Böyük Britaniya 23 Rusiya diplomatını ölkədən çıxarır


Moskva Britaniyanın Sovet dövründən qalmış kimyəvi sinir maddəsinin sabiq rusiyalı casus Sergey Skripalı və onun qızı Yuliyanı İngiltərənin Salisburi şəhərində zəhərləməsinə dair izahat tələbinə məhəl qoymadıqdan sonra Böyük Britaniya 23 Rusiya diplomatını ölkədən çıxaracağını deyib.

Baş nazir bunu İcmalar Palatasında açıqlayıb. O deyib ki, hökümət Britaniyanı pisniyyətli ölkədən qoruyacaq qanun layihəsi və yeni çasusluq-əleyhinə tədbirlər hazırlayacaq.

Bizim planlarımızın Rusiya üçün ciddi fəsadları olacaq.

Rusiya zəhərlənmədə əlinin olduğunu inkar edib və ölkənin xarici işlər nazirliyi Meyin sözlərinin “iki ölkə arasındaki normal dialoqun təməlinə xələl gətirən görünməmiş, biabırçı provokasiya” olduğunu bildirib.

​Mey deyib ki, Moskva bu məsələyə "sarkazm, hörmətsizlik və laqeyidsizliklə yanaşıb.” Leyboristlər partiyasının lideri Ceremi Korbin baş nazirin yanaşmasında çoxtərəfliliyin olmamasını sual etsə də, Leyborist qanunvercilər də daxil olmaqla bir çoxları baş naziri dəstəkləyib.

NATO-nun narahatlıqları

Meyin çıxışından bir müddət öncə NATO bəyanat verib və "NATO təsis olunandan bəri ittifaq ərazisində əsəb-sinir sisteminə təsir göstərən qazdan istifadəyə görə dərin narahatlığını" ifadə edib. Britaniya rəsmiləri isə BMT-nin Təhlükəsizlik Şurasında məsələ ilə bağlı iclasın keçirilməsinə çağırıb.

Baş nazir Tereza Mey Rusiya prezidenti Vladimir Putin, Kreml rəsmiləri və Putinə yaxın oliqarxlara qarşı aktivlərin dondurulması, Londondakı evlərinin müsadirə edilməsi və həmin Rusiya rəsmilərinə viza qadağası tətbiq edilməsi də daxil olmaqla, iqtisadi müharibəyə başlayacağını bəyan edib.

Baş nazir beynəlxalq müttəfiqləri Britaniyaya qoşularaq dünyanın diqqətini Kreml rəsmilərinə məxsus milyardlarla dollar dəyərində aktivlərə çəkməyə çağırıb.

Sabiq Rusiya kəşfiyyatçısı Sergey Skripalın Kreml tərəfindən zəhərlənməsinə dair şübhələr kəskin reaksiyalara yol açıb.
Sabiq Rusiya kəşfiyyatçısı Sergey Skripalın Kreml tərəfindən zəhərlənməsinə dair şübhələr kəskin reaksiyalara yol açıb.

Rəsmilər təkcə Britaniyanın tədbirlərinin Kremllə əlaqəsi olan rusiyalılara ziyan vuracağını deyib. Britaniya rəsmiləri cinayət maliyyə qanunvericiliyi çərçivəsində rusların aktivlərini müsadirə etmək səlahiyyətinə malikdir.

“Bizim planlarımızın Rusiya üçün ciddi fəsadları olacaq,” deyə, yüksək səviyyəli Britaniya rəsmisi Amerikanın Səsinə bildirib.

Kreml əlinin olduğunu inkar edir

Kreml Skripalın zəhərlənməsində əli olduğunu rədd edərək, britaniyalıları rusofobiyanı qızışdırmaqda günahlandırır. Mey Kremlə zəhərlənmə ilə bağlı izahat verməsi üçün Kremlə ultimatum göndərib. Lakin Kremldən hələ bir izahat gəlməyib.

Çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Britaniya onlara zəhərli maddənin nümunəsini təqdim etmədiyi və istintaqı Kimyəvi Silahların Qadağası Təşkilatı vasitəsilə yürütmədiyi təqdirdə Rusiyadan rəsmi cavab gəlməyəcək.

Meyin bəyanatından öncə çərşənbə günü Kreml xəbərdarlıq edib ki, Britaniyanın təzyiqlərinin Rusiyanın sərt cavab tədbirlərinə səbəb olacaq.

Nikolay Qluşkovun evinin önü
Nikolay Qluşkovun evinin önü

Bir başqa ölüm

Bundan əlavə çərşənbə Britaniya polisi bazar ertəsi Putinin tənqidçisi, mərhum oliqarx Boris Berezovskinin keçmiş müşaviri Nikolay Qluşkovun “gözlənilməz” ölümü ilə bağlı istintaq başlatdığını bildirib. Kremlin Moskvaya ekstradisiya olunmasını tələb etdiyi Qluşkov Skripalən zəhərlənməsindən səkkiz gün sonra Londondakı evində ölü tapılıb.

Londonda mediada yer alan xəbərlərdə onun boğulduğu iddia edilir.

Rusiyaya qarşı ictimai qəzəb Salisburi şəhərinin sakinlərinin Skripal və qızını zəhərləmək üçün istifadə olunan əsəb-sinir sisteminə təsir göstərən Noviçok qazı səbəbilə təhlükə altında olduqlarına dair xəbərdarlıqlardan sonra daha da artıb. Sovet dövründə kimyəvi müharibə laboratoriyalarında bu qazı inkişaf etdirməyə yardım edən keçmiş rusiyalı alim deyir ki, hətta kiçik miqdarda olsa belə, qazın təsirinə məruz qalan insanlar həyatlarının sonunadək sağlamlıq riskləri ilə üzləşəcəklər.

Vil Mirzayanov Noviçokun “kütləvi qətl silahı” kimi inkişaf etdirildiyini bildirib.

Nyu Cersi ştatının Prinston şəhərində yaşayan Mirzayanov deyib: “Bu, əsəb-sinir sisteminə təsir edən qaza bənzəyir, amma ən az 10 qat daha güclüdür.” O bildirib ki, kimyəvi maddənin insan bədənibi deşmək və düzəlməz xəsarətlər yetirmək üçün hazırlanıb və deyib ki, Skripal və qızı “əlil” qala bilər.

Sağlamlıq riskləri

Bu, əsəb-sinir sisteminə təsir edən qaza bənzəyir, amma ən az 10 qat daha güclüdür.
Vil Mirzayanov

Mirzayanov həmçinin deyib ki, hücumun baş verdiyi yerə yaxın yerdə olan və Skripalların ziyarət etdiyi retoran və ya bara daxil olan minlərlə Salisburi şəhəri sakini ciddi uzun-müddətli sağlamlıq riski ilə üzləşir. O deyib ki, Britaniya polisinin sakinlərə verdiyi məsləhətlər faydalı olsa da, kifayət deyil.

Britaniyanın səhiyyə rəsmilər deyir ki, “ictimaiyyətə risk çox azdır.” Lakin yerlilər deyir ki, bu sözlər onları təskinləşdirmir, çünki onlar 40 min sakini olan şəhərdə hər gün qoruyucu kostyum geyinmiş polis və ordu mütəxəssislərinin sayının artdığını müşahidə edir.

Skripal və qızı isə hələ xəstəxanadadır. Onların vəziyyəti kritik olaraq qalır.

XS
SM
MD
LG