Britaniyanın müxalif Əmək Partiyasının lideri çərşənbə günü hökumətin yeni koronavirusun yayılmasının qarşısının alınmasında çox yavaş hərəkət etdiyini və buna görə də ölkənin Avropada ən çox ölüm hallarının olduğunu deyib.
Baş nazir Boris Conson əvvəlcə digər Avropa liderlərinin etdiyi kimi sərt tədbirlərin həyata keçirilməsinə razı olmasa da, Birləşmiş Krallıqda dörddə bir milyon insanın ölə biləcəyi barədəki proqnozlardan sonra ölkəni bağlamağa məcbur oldu.
Yeni rəsmi məlumatlar ölüm sayının daha çox ola biləcəyinə işarə etsə də, indiyə qədər Britaniya xəstəxanalarında koronavirusdan 12 868 ölüm halı qeydə alınıb.
"Məni Avropadakı digər ölkələrlə müqayisədə bizdə ölüm hallarının daha yüksək olması narahat edir və şübhəsiz ki, bunun nəyə görə baş verdiyi ilə bağlı suallar olacaq" - deyə, Əmək Partiyasının lideri Keyir Starmer LBC radiosuna müsahibəsində bildirib.
"Mən hökumətin çox yavaş hərəkət etdiyini düşündüm. Vaxtı gələndə biz geri baxmalı olacağıq" - deyə, o əlavə edib.
Ölkədə geniş bağlanma martın 23-də qüvvəyə minib. Bundan əvvəl mühafizəkarlar hökumətin sakinlərdən lazımsız səyahətlər etməməyi və müəssisələri bağlamamaq şərti ilə bir-birlərindən uzaq durmağı tövsiyə etməyə çağırmışdı.
Lakin britaniyalılar kafe və restoranlara getməyə davam etdi və hətta Çeltelham at yarışlarında minlərlə insan bir araya gəldi.