Yeni vəzifəsində ilk xarici səfərini Ukraynaya edən Britaniyanın xarici işlər naziri Deyvid Kameron cümə axşamı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və Kyivə hərbi dəstəyini vəd edib.
Bazar ertəsi gözlənilmədən hökumətə qayıdan keçmiş baş nazir Kameron ilk diplomatik səfərini Kyivə etmək istədiyini bildirib.
Prezidentin yaydığı videoda o, Zelenskiyə "Ukrayna xalqının gücünə və qətiyyətinə heyranam" deyib.
Kameron bildirib ki, London Ukraynaya mənəvi və diplomatik dəstəyi davam etdirəcək. O, "lakin hər şeydən əvvəl hərbi dəstəyə, təkcə bu il deyil, gələn il də ehtiyacınız olacaq. Nə qədər lazımsa, o qədər olacaq" deyib.
Zelenski səfərə görə Kamerona təşəkkür edib.
O, Telegram kanalında "Görüş yaxşı keçdi. Cəbhə üçün silah, hava hücumundan müdafiəni gücləndirmək, insanlarımızı və mühüm infrastrukturu qorumaq. Mən dəstəyinə görə Britaniyaya minnətdaram" yazıb.
Britaniya Ukraynanın Rusiyaya qarşı ən güclü dəstəkçilərindən biridir.
Oktyabr ayına olan məlumata görə, Britaniya Ukraynaya hərbi yardımın həcminə görə ABŞ-dan sonra ikinci yerdədir.
London 4,6 milyard funt-sterlinq yardım edib və Britaniya öz torpaqlarında 30 min Ukrayna əsgərinə təlim keçib.
Forum