Accessibility links

Britaniyanın xarici işlər naziri Qüdsdə İsrailin Baş naziri ilə görüşüb


Britaniyanın xarici işlər naziri Deyvid Kameron cümə axşamı Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Görüş Kameronun keçən ay HƏMAS-ın hücumu zamanı zərər çəkmiş insanları görmək üçün İsrailin cənubuna səfərindən sonra baş tutub.

Britaniya Xarici İşlər Nazirliyi keçən həftə xarici işlər naziri vəzifəsinə təyin edilmiş Britaniyanın keçmiş baş naziri Deyvid Kameronun daha sonra böhranın həlli yolunda gələcək addımları müzakirə etmək üçün Fələstin liderləri ilə görüşəcəyini bildirib.

"Mən buraya qarşılaşdığınız dəhşətli hücumların əsl mahiyyətini görmək üçün şəxsən gəlmək istədim. Düşünürəm ki, İsrail xalqının yanında olduğumuzu göstərmək üçün bunu etmək çox vacib idi" - deyə, Kameron Netanyahu ilə görüşü zamanı bildirib.

Kameronun səfəri Qəzza zolağında döyüşlərin davam etdiyi vaxta təsadüf edir. Təklif olunan atəşkəs və girovların azad edilməsi azı bir gün gecikdirilir.

"Potensial humanitar fasilə haqqında danışmaq çox vacibdir. Düşünürəm ki, bu, girovları azad etmək və Qəzzaya yardım çatdırmaq üçün bir fürsətdir", Kameron əlavə edib.

Netanyahu girovların azad edilməsinin "problemli" olmayacağını, lakin İsrailin onların hamısını xilas etməkdə qərarlı olduğunu bildirib.

"Lakin biz hərbi məqsədlərimizə nail olacağıq, yəni HƏMAS-ın kökünü kəsməyə davam edəcəyik, çünki HƏMAS artıq bunu təkrar-təkrar edəcəyinə söz verib", Netanyahu deyib.

"Biz hamımızın gələcəyini təhdid edən bu qanlı hərəkatın kökünü kəsməyincə, İsraillə fələstinlilər, İsrail və ərəb dövlətləri arasında sülhə ümid yoxdur" - deyə, İsrail lideri əlavə edib.

Çərşənbə günü Kameron Londonda ərəb və digər müsəlman ölkələrinin xarici işlər nazirləri ilə görüşərək, münaqişənin həlli yollarını müzakirə edib.

Forum

XS
SM
MD
LG