Bolqarıstan Xarici İşlər Nazirliyi 10 rusiyalı diplomatı “persona non qrata” elan edib, onlar 72 saat ərzində ölkəni tərk etməlidirlər. Bu barədə dövlət agentliyinin saytında bildirilir.
Bu qərar “Bolqarıstan Respublikasının səlahiyyətli orqanlarının təklifi əsasında” diplomatların “ölkədə Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətlər həyata keçirməsi ilə əlaqədar verilib” – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Onların konkret nə etdikləri açıqlanmır. Bolqarıstan prokurorluğu bununla bağlı şərh verməyib.
TASS Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanovaya istinadən xəbər verir ki, o, Bolqarıstan hakimiyyətinin davranışlarını “son dərəcə qeyri-dost hərəkəti” adlandırıb.
Bolqarıstandan sonra Estoniya Rusiya diplomatik missiyasının üç əməkdaşını persona non qrata elan edib, Latviya daha üç rus diplomatını, Litva isə dörd nəfəri ölkədən çıxarmaq qərarına gəlib.
Martın 2-də Bolqarıstan Xarici İşlər Nazirliyi kəşfiyyat fəaliyyətində şübhəli bilinən iki rusiyalı diplomatın ölkədən çıxarıldığını elan etmişdi.
Keçmiş baş nazir və müxalifətdə olan sağ mərkəzçi Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) partiyasının rəhbəri Boyko Borisov dünən Bolqarıstanda polisin Aİ prokurorluğunun xərclərin sui-istifadəsi ilə bağlı apardığı araşdırmalar çərçivəsində saxlanılıb. Ölkənin keçmiş maliyyə naziri və digər məmurlar da saxlanılıb. Bu həbslərin rusiyalı diplomatların ölkədən çıxarılması qərarı ilə bağlı olub-olmadığı barədə məlumat verilmir.