Accessibility links

Bəxtiyar Hacıyevin tələbə yoldaşları Azərbaycan səfirliyinin önündə bir araya gəldi (VİDEO)


Bəxtiyar Hacıyevin tələbə yoldaşları Azərbaycan səfirliyinin önündə bir araya gəldi (VİDEO)
Bəxtiyar Hacıyevin tələbə yoldaşları Azərbaycan səfirliyinin önündə bir araya gəldi (VİDEO)

Harvard məzunları prezidentə çatdırılması üçün Azərbaycanın ABŞ-dakı səfirliyinə petisiya təqdim edib

Hərbi çağırışdan yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin Harvard Universitetinin Kennedi məktəbindən tələbə yoldaşları yanvarın 17-də Azərbaycanın ABŞ-dakı səfirliyi önündə bir araya gəlib. Görüşün təşkilatçılarından Palak Şah Amerikanın səsinə bildirib ki, bu görüşdə Harvard Universitetinin bir çox məzunu iştirak etmək istəsə də, yalnız paytaxt Vaşinqtonda olan 5 məzun qatıla bilib.

Gənclərin səfirliyin önünə toplaşmaqda məqsədi Bəxtiyar Hacıyevin azad olunması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanan petisiyanı səfirlik əməkdaşlarına təqdim etmək olub. Sənədi təqdim etməmişdən əvvəl məzunlar bu petisiyanı 800-dən çox insanın imzaladığını bildirib. “Biz vicdan məhbusu Bəxtiyar Hacıyevin dostlarıyıq. Burada - əlimizdə tutduğumuz petisiyaya 823 nəfər imza atıb. Bu petisiyanı səfirliyə təqdim etməyə çalışacağıq və ümid edirik ki, səfirlikdən kimsə bizi qəbul edəcək”- deyə aksiya iştirakçıları bildirib.

Amerikanın səsinə açıqlamasında təşkilatçılar deyib ki, onlar bir gün öncə səfirlə görüş üçün də müraciət ediblər, ancaq cavab müsbət olmayıb: “Səfirlə görüşmək üçün belə qısa vaxt kəsiyində müraciət etmək olmaz”.

Aksiya iştirakçıları kampaniyalarını həyata keçirmək üçün petisiyanı səfirliyə təqdim etməyə çalışıb. Qapını açan səfirliyin əməkdaşı Harvard məzunları ilə 1-2 dəqiqə söhbət etdikdən sonra petisiyanı qəbul edib.

Bəxtiyar Hacıyevin tələbə yoldaşları Azərbaycan səfirliyinin önündə bir araya gəldi (VİDEO)
Bəxtiyar Hacıyevin tələbə yoldaşları Azərbaycan səfirliyinin önündə bir araya gəldi (VİDEO)
Kiçik missiyalarını başa vuran Bəxtiyar Hacıyevin dostları bunu kampaniyalarının ilk aksiyası kimi qiymətləndirir. “Bəxtiyarın dostları” qrupunun sözçüsü Rob Ness: “Biz – Bəxtiyarın tələbə yoldaşları petisiyanı səfirliyə təqdim etdik. Təəssüf ki, səfirlikdən heç kəs bizi qəbul etməkdə könüllü görünmədi. Biz ümid edirdik ki, 5:30-da səfirlə görüşəcəyik. Ancaq alınmadı. Onlara bildirdik ki, görüşü başqa vaxta təyin etsələr, biz yenidən gələ bilərik”.

Ümumilikdə kampaniyalarının mahiyyətinin Bəxtiyar Hacıyevin həbsi məsələsini nəzərdə saxladıqlarını nümayiş etdirmək olduğunu dilə gətirək aksiyaçılar onun tezliklə azadlığa qovuşacağına ümid edir.

Prezident İlham Əliyevə edilən müraciətə toxunan sözçü petisiyanın tələbinin çox sadə olduğunu bildirdi: “Biz sadəcə Bəxtiyar Hacıyevin azad olunmasını tələb edirik. Çünki o siyasi məhbusdur və Amnesty International onu vicdan məhbusu elan edib”.

Məsələ ilə bağlı Azərbaycanın ABŞ-dakı səfirliyindən də münasibət öyrənməyə çalışdıq. Lakin səfirlikdən münasibət bildirmək istəmədilər.

Buna baxmayaraq, bu yaxında Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, düşünülmüş və planlı şəkildə aparılan islahatlar Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirib, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıdıb.

Bəxtiyar Hacıyev Harvard Universitetinin magistridir. 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olan cənab Hacıyev hökuməti sərt tənqid edib. O, seçkilərdən sonra qanun pozuntuları ilə bağlı videogörüntülər yayıb. Gənc fəal habelə “11 mart - Böyük Xalq Günü” adlı virtual etiraz aksiyasının təşəbbüsarlarından olub. Bütün bunlardan sonra hərbi çağırışdan yayınma ittihamı ilə iki il azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevi vicdan məhbusu elan edib.

XS
SM
MD
LG