Bildirildiyinə görə ABŞ-ın Kaliforniya ştatında uşaqlarına işgəncə verən cütlük 9 milyon dollar zəmanətlə saxlanılıb. Cütlüyün uşaqlardan bəzisini zəncirlə çarpayıya bağladığı deyilir.
Devid və Luis Torpinlər uşaqlarının 13-nü də Los-Ancelesin şərqindəki Perris şəhərində yaşadıqları evdə çirkli şəraitdə əsir kimi saxlamaqda günahlandırılır.
Vəziyyətlə bağlı xəbəri polisə ailənin 17 yaşlı qızı evdən qaçaraq, mobil telefonla xəbər verib. Polisin dediyinə görə, aclıq şəraitində yaşadığı üçün 17 yaşındakı qız 10 yaşlarında uşağa bənzəyir.
Devid və Luisin işgəncə verib girov kimi saxladıqları uşaqlarından bəziləri 18-lə 29 yaşlar arasındadır. Polis uşaqlardan ən balacasının 2 yaşında olduğunu deyib.
Yerli polis idarəsinin məlumatında cütlüyün ev şəraitində məktəb açdığı və son illər onların maddi vəziyyətinin ağırlaşdığı deyilir.
Polis Torpinlər ailəsinin yaşadığı evin qaranlıq və pis qoxulu olduğunu, uşaqların isə aclıqdan əzab çəkdiklərini bildirib.
Polisin açıqladığı bəyanatda bildirilir ki, valideynlər uşaqların nəyə görə belə dözülməz şəraitdə saxlanıldığı barədə məntiqi bir səbəb göstərə bilməyib.