ABŞ prezidenti Donald Trampın kürəkəni və onun ən yaxın müşavirlərindən biri olan Cared Kuşner Rusiya ilə 2016-cı il prezident seçki kampaniyası zamanı hər hansı qeyri-müvafiq kontaktı olduğunu qəti şəkildə rədd edib.
“Mən Rusiya ilə heç bir sözləşməyə getməmişəm, nə də ki kampaniyada bunu edən heç bir şəxsi tanımıram”, Kuşner Senatda ifadə verdikdən sonra Ağ Evdə açıqlamasında bildirib.
Kuşner Senatın Kəşfiyyat komitəsində bağlı qapılar arxasında keçirilən dinləmə zamanı ifadə verib. Bu, ABŞ Konqresində bu həftə nəzərdə tutulmuş iki dinləmədən birincisidir.
Bundan öncə Kuşner 11 səhifədən ibarət bəyanat açıqlayıb.
O keçən il prezident seçki kampaniyası və ondan sonra Rusiya rəsmilərilə görüşdüyünü, lakin heç bir xarici hökumətlə hər hansı bir sözləşməyə getmədiyini bildirib.
Konqresin hər iki komitəsi Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat aparır.
“Mənim təqdim etdiyim məlumatlar və sənədlərdə mənim kampaniya və keçid dövründə minlərlə görüşdən Rusiya nümayəndələri ilə dörd dəfə kontaktım olduğunu göstərəcək . Bu görüşlərin heç birinin hər hansı bir təsiri, nə də orada yadda qalan nəsə olmayıb.”
Kuşner Rusiyanın ABŞ-dakı səfiri ilə qısa görüşlərini təsvir edib. O bildirib ki, onlar ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılması istəyini müzakirə ediblər. Lakin Kuşner mediada onunla Sergey Kislyak arasında bundan sonra telefon danışığının olduğuna dair məlumatları rədd edib.
Konqresin komitələrində 2016-cı ilin iyun ayında rusiyalı vəkil və Moskva ilə əlaqələri olan başqa şəxslərlə görüş də daxil olmaqla, Kuşnerə onun Rusiya ilə kontaktları barədə informasiya əldə etmək üçün suallar veriləcəyi gözlənilir.
Prezident Donald Trampın böyük oğlunun rusiyalı vəkillə bu görüşü ABŞ təhqiqatçılarının diqqət mərkəzindədir. Bunun əsas səbəbi Donald Tramp oğulun rusiyalı vəkilin Trampın 2016-cı il seçkilərində demokrat rəqibi olan Hillari Klinton haqda komptomat informasiya ötürmək vədinə maraq göstərməsi ilə əlaqədar açıqladığı emaillərlə bağlıdır.