Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə apardığı araşdırma nəticəsində iyunun 7-də Ermənistana keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib.
Komissiyanın məlumatına görə, həmin qadın Gədəbəy rayonu, Arabaçı kənd sakini Qətibə Ələkbərovadır. Araşdırma nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyən edilib.
Hazırda Dövlət Komissiyası tərəfindən Ələkbərova Qətibə İbrahim qızının azad edilməsi istiqamətində tədbirlər görülür.
Bununla yanaşı, Ələkbərovanın hərbçilərin nəzarət etdiyi Azərbaycan və Ermənistan sərhədini hansı şəraitdə və necə keçməsi barədə məlumat verilmir.
İyunun 7-də Ermənistanın Armeniya Today saytı Ermənistanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyana istinadən bildirir ki, Ermənistana keçən qadın Azərbaycanın Tovuz rayonunun, Yanıqlı kənd sakini Zöhrə Vartsar qızı Vəliyevadır.
Azərbaycan tərəfi Ermənistan tərəfinin məlumatını təsdiq etməyib və dəqiqləşdirmə aparanadan sonra sərhədi keçən qadının Qətibə Ələkbərova olduğunu bildirib. Yerli sakinlər, həmin qadını Telli kimi tanıdğını bildirib.