Accessibility links

Ağır və qanlı döyüş


Hərbi təlim
Hərbi təlim

"Sentyabrın 25-də qoşunların təmas xəttində Ermənistan hərbçilərinin Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib". Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər hərbi qulluqçusu, əsgər Elşən Məmmədov şəhid olub, 3 hərbi qulluqçu isə yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.

Müdafiə Nazirliyi bildirir ki, “şəhidlərin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaq”.

Mətbuat xidmətinin bəyanatında deyilir ki, Silahlı Qüvvələrin bölmələrinin erməni tərəfinə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var.

“Onlardan 10 nəfəri ağır vəziyyətdədir. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır”, xəbərdə qeyd edilir.

Müdafiə Nazirliyi bir daha bildirib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən sentyabrın 25-də və 26-da gecə Azərbaycan tərəfinin 100 dəfədən çox atəşkəs rejimini pozduğunu bildirir. Amma, erməni hərbi mənbələri itkilər barədə məlumat vermir.

Digər tərəfdən, Dağlıq Qarabağdakı rəsmi mülki mənbələr Ermənistan mediasına dörd erməni həbçsinin həlak olduğunu və yaralıların olduğunu təsdiq edib.

Xatırladaq ki, 2015-ci il ərzində cəbhə xəttində gərginlik artmaqda davam etməkdədir. Artıq tərəflər ağır silahları da işə salırlar və itkilər çoxalmaqda davam edir.

Son günlər baş verən döyüşlər isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşü ərəfəsində baş verir. Sentyabrın 25-də ATƏT-in Minsk qrupunun həmsədrləri də cəbhədə itkilərdən narahatlıqlarını ifadə edən birgə bəyanatla çıxış edib.

XS
SM
MD
LG