Accessibility links

Azərbaycan hərbi təyyarələri cəbhə boyunca uçuşlar keçirir


Hərbi helokopter
Hərbi helokopter

Ermənistan müdafiə naziri hərbi əməliyyatların bərpa olunması riskinin olmadığını bildirir

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri cəbhə boyunca uçuşlar keçirir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı Amerikanın Səsinə təsdiq edib.

Mətbuat xidməti həmçinin bu gün cəbhənin Tovuz rayonu istiqamətində (Bakıdan 450 kilometr qərb) qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin bir hərbi avtomobilinin vurulduğunu bildirib. Belə ki, hərbi avtomobildən Azərbaycan qoşunlarının mövqeyi intensiv atəşə tutulub və cavab atəşi ilə avtomobil vurulub.

Ermənistan-Azərbaycan cəbhəsində son günlər gərginlik davam etməkdədir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatlarına görə, son bir neçə gündə atəşkəs rejimi bir neçə yüz dəfə pozulub. Mətbuat xidməti bu gün səhər erməni diversiya qrupunun cəbhə xəttini keçməsinin qarşısının alındığını bildirib.

Öz növbəsində Ermənistan müdafiə naziri Seyran Ohanyan indiki anda müharibənin bərpa olunacağı riskinin olmadığını deyib.

“Müharibədə təhlükələr həmişə var və erməni tərəfi buna həmişə hazırdır. Amma reallıqda hazırkı anda hərbi əməliyyatlarının bərpa olunması təhlükəsini çox aşağı hesab edirik. Ermənistan Silahlı Qüvvələri daim diqtəedici tərəf olaraq qaşı tərəfə müqavimət göstərib. Diversiya fəaliyyətlərinə adekvat cavab verilir və sərhəddə situasiya nəzarət edilir”, o qeyd edib.
XS
SM
MD
LG