Accessibility links

Müdafiə Nazirliyi: ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttini keçərkən atəş açılıb


ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)
ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

Erməni tərəfi atəşkəs rejimini növbəti dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Azərbaycanın Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib.

Əvvəlcədən əldə olunmuş razılığa əsasən, monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.

Mətbuat xidməti bildirir ki, atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq tədbir zamanı erməni tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb.

“Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb”, məlumatda qeyd edilir.

Sonra həmsədrlər yerli komandanlıq və icra hakimiyyəti nümayəndələri ilə görüşərək səhra şəraitində brifinq keçiriblər.

Amerikalı həmsədr Ceyms Uorlik də Twitter hesabında atəşkəsin pozulmasına münasibət bildirib.

"ATƏT-in təmas xəttində monitorinqi zamanı atəşkəsin pozulması yolverilməzdir. Biz təmas xəttini keçərkən atəşkəs pozuntusunun davam etməsi ATƏT müşahidəçilərini daldalanmağa məcbur edib. Bu qəbuledilməzidir", o qeyd edib.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu bildirir.

XS
SM
MD
LG