Accessibility links

Qoşunların təmas xəttində gərginlik davam edir


Cəbhə xətti
Cəbhə xətti

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatını məhv edib. Pilotsuz aparat Füzuli istiqamətində vurulub.

Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı qeyd edib ki, cəbhənin Tərtər-Ağdərə və Füzuli istiqamətlərində atəşkəs pozulur.

"Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir" deyə Dərgahlı qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

***

Rusiya Federasiyasının təşəbbüsü və vasitəçiliyi ilə aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edir. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib.

"Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ermənilərin bu istiqamətdə fəaliyyətinin qarşısı alınıb. Düşmən tərəfi eyni zamanda qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrimizi və hərbi əhəmiyyət kəsb etməyən mülki obyektləri də intensiv atəşə məruz qoyub. Müdafiə naziri yaşayış məntəqələrimizin atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə işğal olunmuş ərazilərdəki erməni məntəqələrinə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verib. Yaşayış məntəqələrimizin atəşə tutulması dayandırılmayacağı təqdirdə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verilib" - Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

XS
SM
MD
LG